Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın təşəbbüsləri BMT-də yüksək qiymətləndirilib

13.12.2019 12:31

BMT Baş Assambleyası dekabrın 12-də qurumun Nyu-Yorkdakı iqamətgahında keçirilmiş plenar iclasında "Dünyanın rifahı naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” qətnaməsini yekdilliklə qəbul edib.

Pakistan və Filippinin 59 həmmüəllif adından təqdim etdiyi qətnamədə Azərbaycanın UNESKO, İSESKO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası ilə əməkdaşlıq şəraitində hər iki ildən bir təşkil etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ayrıca paraqraf həsr edib. Baş Assambleya qətnamədə "mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi” Ümumdünya Forumunun mühüm rolunu vurğulayıb.

BMT-nin Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 74-cü sessiyasında təqdim olunmuş "Dünyanın rifahı naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində bu ilin mayında Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xüsusi diqqət yetirib. Baş katib fikrini belə ifadə edib: "Forum üç əsas mövzuya həsr edilib: müxtəlifliyin tənzimlənməsi; gənclər və mədəniyyətlərarası liderlik; insanların yerdəyişməsi və təhlükəsizliyi. Məsələn, forum iştirakçıları novator ideyalardan istifadə olunması və yeni strateji əməkdaşlıq kontekstində yerinə yetiriləcək irimiqyaslı vəzifələr qarşıya qoyulması əsasında konkret addımları fəallaşdırmaq üçün platforma kimi forumun əhəmiyyətini artırmağa çalışıblar.

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Baş Assambleyanın həmin plenar iclasında çıxış edib. O, ölkə hökumətinin dinlərarası və mədəniyyətləarası dialoqun təşviqinə dair ardıcıl səyləri və təşəbbüsləri, habelə beynəlxalq gündəmdə duran mədəniyyətlərarası dialoqda "Bakı prosesi”nin və Ümumdünya Forumunun əhəmiyyətli rolu barədə məlumat verib. (AZƏRTAC)

© xezerxeber.az


228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR