Koiçiro Matsuura: Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 650 min ağacın əkilməsi beynəlxalq əhəmiyyətli hadisədir

09.12.2019 14:09

Böyük Azərbaycan şairi Nəsiminin yubileyi ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağacın əkilməsi beynəlxalq əhəmiyyətli hadisədir. Bütün planetimiz üçün mühüm əhəmiyyət daşıyan bu nəcib təşəbbüs ən böyük ehtirama və hörmətə layiqdir.

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məxsusi müsahibəsində UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura deyib.

Tanınmış yapon siyasətçi bildirib ki, Azərbaycan Prezidenti tərəfindən 2019-cu ilin "Nəsimi ili” elan edilməsi, çox müdrik və əhəmiyyətli qərardır. Eyni zamanda, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkmək təşəbbüsü təqdirəlayiqdir. Həm həmin qərar, həm də bu təşəbbüs Azərbaycan xalqının qlobal şəxsiyyətlərə və qlobal təfəkkürə malik olmasının göstəricisidir. Siz bu addımla bir tərəfdən qlobal, dünyamiqyaslı şairlərə malik olduğunuzu, digər tərəfdən bütün dünyanı düşündürən qlobal problemlərin həllinə dəstək verməyə hazır olduğunuzu göstərdiniz. Fikrimcə bu, həm də Azərbaycan ədəbiyyatının və mədəniyyətinin nə qədər qədim köklərə malik olduğunu göstərmək üçün dərindən düşünülmüş böyük bir addım idi.

K.Matsuura əlavə edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı - UNESCO-nun xoşməramlı səfiri seçilməsini yaxşı xatırlayır: "Həm Azərbaycanda, həm də dünya miqyasında mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyət göstərən Mehriban xanım Əliyevanın istər milli, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər təqdirəlayiqdir.

Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına Azərbaycanın şifahi xalq ədəbiyyatının və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə layiq görülüb.

Mehriban xanım Əliyevanın birbaşa rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq Azərbaycan mədəniyyətini, qeyri-maddi mədəni irsini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Mən özüm dəfələrlə bu tədbirlərin iştirakçısı olmuşam. Onların yüksək səviyyəli təşkili iştirakçılar tərəfindən həmişə xüsusi vurğulanıb.

Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycanın dünyada daha yaxşı tanınmasına istiqamətlənib.

Azərbaycanın BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri məhz Mehriban xanımın səyləri nəticəsində bu gün görünməmiş səviyyəyə çatıb”.

Koişiro Matsuura Mehriban Əliyevanın xoşməramlı səfir kimi UNESCO-da Qeyri-maddi mədəni irsin qorunması haqqında yeni beynəlxalq Konvensiyanın təşviqində rolunu yüksək qiymətləndirərək deyib: "Mehriban xanım Əliyeva UNESCO-nun tamamilə yeni sahəsi olan Qeyri-maddi mədəni irsin qorunması üzrə məsuliyyət daşıyan çox fəal xoşməramlı səfir oldu. O, yeni Konvensiyanı nəinki Azərbaycanda, həmçinin dünyanın digər yerlərində böyük uğurla təşviq etdi və bu gün də həmin işi uğurla davam etdirir. Mehriban xanım həm Qeyri-maddi mədəni irs üzrə Konvensiya, həm də Dünya irsi üzrə Konvensiyanın təşviqində böyük rol oynayıb”.

Azərbaycanın nadir incilərinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində Mehriban xanımın xidmətlərini xüsusi vurğulayan Koişiro Matsuura məhz onun səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənətinin bu siyahıya daxil edildiyini xatırladıb. Qeyd edib ki, bununla yanaşı, İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfirləri arasında çox böyük nüfuza malik olduğunu qeyd edən K.Matsuura qurumda onun təşəbbüslərinin yüksək qiymətləndirildiyini də bildirib.

Cari ilin mayında UNESCO tərəfindən nəşr olunan kitabda onun haqqında məqaləyə görə Mehriban xanıma xüsusi minnətdarlığını bildirən tanınmış yapon siyasətçi vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərliyi ilə görülən işlər yalnız dünya mədəniyyətinə, mədəniyyətlərarası dialoqa deyil, həm də bütün sivilizasiyaya mühüm töhfədir.

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR