Döyüş əməliyyatları demək olar ki, ölkəmizin ortasında aparılıb – Nazir

23.10.2019 12:54

Qoşulmama Hərəkatının üzv dövlətlərinin Bakı Sammitində iştirak etmək marağının səviyyəsi bizi olduqca ruhlandırır və bu, XVIII sammitin hərəkatımızın daha bir uğur hekayəsi olacağına inam verir. Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq hərəkatımız siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir. Tarix boyu Qoşulmama Hərəkatı beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayıb. "Soyuq müharibə”nin sonu hərəkatımızın beynəlxalq münasibətlər sistemindəki rolunu azaltmayıb, əksinə, artan çağırışlar fonunda əhəmiyyətini artırıb.

XəzərXəbər xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O qeyd edib ki, bu gün qarşımızda duran əsas vəzifə yarandığı dövrdə olduğu kimi hələ də aktuallığını saxlayan hərəkatın təməl prinsiplərini təbliğ etmək və dəstəkləməklə mövcud geosiyasi mənzərədəki yeni reallıqlara adekvat olması məqsədilə hərəkatın rolunu aktivləşdirməkdən ibarət olmalıdır: "Azərbaycan Qoşulmama Hərəkatının sonuncu iştirakçısıdır, çünki o, 2011-ci ilin may ayında hərəkatın tamhüquqlu üzvü oldu. Cəmi 8 ildə Qoşulmama Hərəkatının tam etimadını qazanaraq ona sədrlik etmək imkanını əldə etdik. Fürsətdən istifadə edərək, Qoşulmama Hərəkatının üzv dövlətlərinin hamısına bu böyük şərəfə görə təşəkkür edirəm və hərəkatın təməl prinsiplərinə ciddi riayət etdiyimizi bir daha təkrar edirəm. Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir hərbi ittifaqın üzvü deyil. Eyni zamanda, biz sürətlə inkişaf edən ölkəyik, davamlı inkişafa, demokratikləşməyə, insan hüquqlarına və sosial ədalətə hörməti artırmağa xüsusi əhəmiyyət veririk.

Sədrliyimiz dövründə ən çox diqqət edəcəyimiz prioritet sahələrdən biri də gənclərin səlahiyyətlərinin artırılmasıdır. Uğurlu gənclər siyasəti cəmiyyətin davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır. Qoşulmama Hərəkatının zirvə toplantısı və nazirlər görüşü nəticəsində qəbul ediləcək sənədlər gənclərin dövlət idarəçiliyində iştirakının artırılması, onların sosial, təhsil və məşğulluq problemlərinin həlli, habelə 2030 Davamlı İnkişaf Gündəliyinin hədəflərinə çatmaqda gənclərin daha fəal iştirakı kimi gənclər siyasətlərinin müxtəlif aspektlərinə toxunacaq. Bu sənədlərdə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün əməli tədbir olaraq, Azərbaycan ilk dəfə Qoşulmama Hərəkatının Gənclər Sammitinin Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış edib. Sabah bizim görüşümüzə paralel olaraq keçiriləcək Gənclər Zirvəsi Qoşulmama Hərəkatına üzv dövlətlərdən 40 görkəmli gənci bir araya gətirəcək. İki gün davam edən müzakirələrin nəticəsi olaraq, onlar Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının XVIII zirvə görüşünə tövsiyələr verəcəklər. Əminik ki, Gənclər Zirvəsi nəticəsində qurulacaq qeyri-hökumət təşəbbüsü olan Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi Qoşulmama Hərəkatının bütün fəaliyyətinə gənclərin dəyərli dəstəyini verəcək”.

E.Məmmədyarov qeyd edib ki, Qoşulmama Hərəkatına üzv dövlətlərinin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan hərəkat daxilində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi son dərəcə vacibdir: "Bundan əlavə, enerji təhlükəsizliyi, ətraf mühit, səhiyyə, əmək kimi sahələrdə əməkdaşlığın təşviqi və bu məqsədlə Qoşulmama Hərəkatına üzv dövlətlərin maraqlarının BMT çərçivəsində təşviqi böyük əhəmiyyət kəsb edir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional iqtisadi layihələrdə və təşəbbüslərdə fəal iştirak edir və hazırda Cənub-Qərb nəqliyyat dəhlizi layihəsi üzərində işləyir. Bir çox Qoşulmama Hərəkatına üzv dövlətin bu üç dəhliz boyunca coğrafi yerləşməsi hərəkat üzvləri arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına kömək edə bilər. Azərbaycan dünya mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Bu sahədə zəngin və ən yaxşı təcrübəsi ilə Azərbaycan, hərəkatımızın prioritet istiqamətlərindən olan mədəni müxtəlifliyin qorunması və təşviqi istiqamətində səylərini davam etdirməkdə qərarlıdır”.

E.Məmmədyarov təəssüflə bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən işğalı regional və beynəlxalq təhlükəsizliyə ciddi hədə olmaqda davam edir və ölkəmin davamlı inkişafı üçün bütün potensialından istifadə səylərini sarsıdır: "Ermənistanla münaqişə Azərbaycan ərazisinin beşdə birinin işğalı ilə nəticələndi və bir milyondan çox insan məcburi köçkün və qaçqına çevrildi. Münaqişənin ilk günündən bəri döyüş əməliyyatları mülki əhaliyə və infrastruktura təsir göstərməklə yalnız Azərbaycan ərazisi daxilində, demək olar ki, ölkənin ortasında aparılıb. Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyünə davamlı dəstəyinə görə ən dərin təşəkkürümü bildirmək istəyirəm”.

E.Məmmədyarov sonda qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Bandunq Prinsiplərinin 65 illiyi (2020) və Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi (2021) ilə üst-üstə düşəcək: "Hər iki ildönümü, Qoşulmama Hərəkatına üzv dövlətlərinin bu günə qədər əldə edilən uğurları nəzərdən keçirmələrinə yaxşı təkan verəcək. Öz növbəmizdə biz, hərəkatın təməl prinsiplərinin inkişafına töhfə vermək üçün əlimizdən gələni əsirgəməməyi öhdəmizə götürürük”.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR