«Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru» mövzusunda konfrans keçirilib

14.06.2019 17:05

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində «Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru» mövzusunda konfrans keçirilib. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü lə reallaşdırılmış toplantı 15 iyun Milli Qurtuluş Gününə həsr olunub.

Şuradan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı dövlətimizin qurtuluş tarixidir. Bu, ideoloji bir hadisədir.

Çünki Heydər Əliyev xalqı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi.

Xalqla dövlət arasında möhkəm bağ yaratdı. İnsanlarda dövlətin əbədiyaşarlığına inam formalaşdırdı. «Heydər Əliyevi böyük dövlət xadimi və milsilsiz siyasətçi kimi xarakterizə edən cəhətlər həddən artıq çoxdur. Biz onun böyüklüyünün jurnalistikaya, jurnalistlərə münasibətdə görünən tərəflərindən bəhs etmək üçün toplaşmışıq. O, jurnalistikanın missiyasına müstəsna dəyər verirdi. Medianın funksiya və vəzifələrini dövlət idarəçiliyi baxımından uzlaşdırmağı məharətlə bacaran, dünya tarixinin gördüyü çox az siyasətçilərdən idi», - deyən Ə.Amaşov vurğulayıb ki, ulu öndərin kütləvi informasiya vasitələrinə diqqət və qayğısı dövlət siyasətində də özünü göstərirdi.

Şura sədri çıxışında həmçinin 1998-ci ildə senzuranın aradan qaldırılmasına və media ilə bağlı fundamental qanunvericilik təşəbbüslərinə diqqət çəkib: «Bütün bunlara görədir ki, jurnalistlər hər zaman Heydər Əliyevi özlərinə dost biliblər. O da qələm sahiblərinə daim dost münasibəti ilə yanaşıb».

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli ulu öndər Heydər Əliyevin əsl millət fədafisi olduğunu vurğulayıb. O bildirib ki, Heydər Əliyev istər Sovetlər Birliyi dönəmində, istərsə də müstəqillik illərində millət üçün çalışmaq əzmini ortaya qoymuşdu. Burada söhbət yalnız idarəçilikdən deyil, eyni zamanda xalqı xilas etməkdən gedir. Heydər Əliyev əməli addımları ilə xalqın milli mənlik şüurunun qorunmasına çalışırdı. Bu zaman medianın roluna əsaslanırdı.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında bildirib ki, Heydər Əliyev 15 iyunda hakimiyyətə qayıdışı ilə ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı bürümüş xaosa son qoydu. Bu, müstəqil dövlətçilik mərhələsinin başlanğıcı idi. Lakin həmin illərdə dövlətçiliyə qəsdlər də olurdu. Ulu öndər bu kimi təhlükəli meyllərin qarşısına həm də mediaya güvənərək çıxırdı. O, hara gedirdisə, jurnalistlərlə hərəkət edirdi. Hazırda dövlətin media siyasətinin xüsusiyyətlərindən bəhs edən V.Səfərli bu təməlin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyevin səriştəsi və həssas yanaşması ilə zənginləşdiyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət idarəçiliyi sistemi yaratdı. Bu sistemdə medianın da böyük rol oynadığını vurğulayan baş redaktor əlavə edib ki, jurnalistlərin peşəkarlığı, media qununvericiliyinin mükəmməlliyi və bir sıra digər mühüm cəhətlər medianın demokratik cəmiyyət qurucuğu yolundakı vəzifələrinə fundamental yanaşma tərzinin bənzərsiz nümunəsidir. Heydər Əliyev bu nümunənin müəllifi idi.

«Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay çıxışında Heydər Əliyev şəxsiyyətinin media ilə işləməyi bacarmaq xüsusiyyəti üzərində dayanıb. O bildirib ki, ulu öndər jurnalistlərin yazdıqlarını şəxsən oxuyurdu. «Bir jurnalist üçün ölkə başçısının onun yaradıcılığını izlədiyini bilməkdən dəyərli heç nə yoxdur», - deyən İ.Tuncay fikrinə aydınlıq gətirib.

«Dahi Frensis Bekon deyirdi ki, tarixi şəxsiyyətlər iki qrupa bölünür. Dövləti quran və dövləti qurub, yaşadan. Heydər Əliyev müasir Azərbaycan Respublikasını qurdu və yaşatdı», - deyən MŞ İdarə Heyətinin üzvü, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, Heydər Əliyevin müəllifi olduğu nəhəng layihələr yalnız Azərbaycanın beynəlxalq arenadakı yeri və rolunu müəyyənləşdirmədi, ümumən beynəlxalq siyasətin konturlarını dəyişdi. Bu, son dərəcə böyük, bənzərsiz tarixi missiya və xidmət nümunəsi idi.

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid çıxışında Heydər Əliyevin media ilə təmaslarındakı ayrı-ayrı epizodlara toxunub. O, eyni zamanda bildirib ki, ulu öndər məmur-mətbuat ziddiyyətlərində hər zaman medianın təəssübünü çəkir və məmurlara tənqidə dözümlü olmağı tövsiyə edirdi. Bu isə ümumən demokratik cəmiyyət quruculuğu prosesinin, plüralizmin dərinləşməsi baxımından mühüm addım, nümunə idi.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin mətbuat katibi Allahverdi Məmmədli çıxışında ulu öndər Heydər Əliyevi həm böyük dövlət xadimi və siyasətçi, eyni zamanda mili-mənəvi dəyərlərə bağlı bütöv şəxsiyyət olaraq səciyyələndirən cəhətlərə toxunub, xatirələrini bölüşüb.

© xezerxeber.az

FOTOQALERIYA






155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR