Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

22.02.2019 20:00

Fevralın 22-də Bakıda Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Türkiyə tərəfindən isə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik ediblər.

Nazir müavini Ramiz Həsənov iki dost və qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluğunu ifadə edib.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən nazir müavini Sedat Önal Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirib.

Bu xüsusda, tərəflər münasibətlərin inkişafında diplomatik nümayəndəliklərin fəaliyyətini xüsusi qeyd ediblər.

Eyni zamanda, nazir müavinləri iki ölkə arasındakı əməkdaşlıq əlaqələrində üçüncü ölkələrin iştirakının əhəmiyyətinə toxunaraq, müxtəlif səviyyələrdə keçirilən üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının əhatə dairəsinin genişləndirilməsinin zəruriliyinə diqqət çəkiblər. Habelə, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.

Nazir müavini Ramiz Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyətinə dair ətraflı məlumat verib, Türkiyənin münaqişənin ədalətli həlli istiqamətindəki mövqeyinə görə minnətdarlıq ifadə edib.

Görüşdə ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edən, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© xezerxeber.az


221 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR