Xəzər Xəbər

İstixanalardakı mövcud olan problemlərə dair videokonfrans keçirildi

Gündəm | 17:05 • 14 Avqust 2020
İstixanalardakı mövcud olan problemlərə dair videokonfrans keçirildi

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəmkir rayonunda fəaliyyət göstərən istixanalarda mövcud olan problemlərə dair videokonfrans keçirilib.

Bu barədə XəzərXəbər "Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Kiçik və Orta biznesin inkişafı Agentliyinin idarə heyətinin sədrinin 1-ci müavini Natiq Həsənov, "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, eləcə də digər rəsmilər iştirak ediblər. 20-dən çox fermerin qatıldığı müzakirələrdə istehlak edilən qaza görə istixana sahiblərinin "Azəriqaz” İstehsalat Birliyinə külli miqdarda, yəni12milyon manata yaxın borcunun olması və digər məsələlər müzakirə edilib.

"Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirib ki, istifadə olunan təbii qazın ödənişləri üzrə ən aşağı göstərici Şəmkir rayonu ərazisində fəaliyyət göstərən isitxanalara aiddir. Ən çox güzəşt olunan istixana sahiblərinin əksəriyyəti də elə Şəmkir bölgəsinin payına düşür. "Biz qış mövsümündə güzəştlərə razılıq verdik, lakin bu münasibətin qarşılığında ödəniş faizi xeyli aşağı oldu. Hətta bəzi sahibkarlar söz vermişdi ki, qazanc əldə etdikdən sonra öhdəliklərinə ən azı30% əməl edəcəklər. Yəni borcun heç olmasa bu qədər hissəsi ilkin mərhələdə ödəniləcək. Amma bu da olmadı”.

"Azəriqaz” İB-nin təsərrüfat yönümlü təşkilat olduğunu vurğulayan baş direktor, qazın satışından gələn gəlirlərin çox saylı kollektivin əmək haqlarının verilməsi, qaz şəbəkəsinin saxlanılması və digər sahələrə xərcləndiyini bildirib. Ruslan Əliyev bu günkü duruma baxmayaraq yenə də sahibkarlara müəyyən qədər güzəştlərin olunmasını istisna etməyib. Amma bunun qarşılığında istifadə olunan təbii qazın dəyərinin vaxtında ödənilməsi vacib şərtdir.

Qeyd edək ki, sonda onlayn müzakirələrə qatılan təşkilatların rəhbərləri sahibkarlardan qarşıdakı günlərdə təkliflər hazırlayıb təqdim etmələrini xahiş ediblər. Bu təkliflər müzakirə olunaraq yenidən təkrar görüşün təşkilinə qərar verilib.

Xəbər lenti