Xəzər Xəbər

Milli Məclisdə bank sistemi ilə bağlı dinləmələrin keçirilməsi gözlənilir

Gündəm | 14:48 • 2 İyul 2020
Milli Məclisdə bank sistemi ilə bağlı dinləmələrin keçirilməsi gözlənilir

Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsində iki məsələ ilə bağlı dinləmə keçirilməsi gözlənilir.


Bu barədə APA-ya açıqlamasında komitənin sədr müavini Əli Məsimli bildirib.


Deputat deyib ki, komitədə dinləmələrin iyulun 15-nə qədər keçirilməsi planlaşdırılır: "Son illər Azərbaycanda Şəki ipəyinin şöhrətini qaytarmaq istiqamətində çox ciddi işlərə başlanıb. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə barama istehsalı 2015-ci ildə 236 kiloqramdan 2019-cu ildə 644 tona çatdırılıb. Bu il 700 ton, gələn il 800 ton, 2025-ci ildə isə 6 min ton yaş barama istehsalı proqnozlaşdırılıb. Lakin bu il barama istehsalı ilə bağlı ciddi problemlər yaşanmaqdadır. Düşünürük ki, bu məqsədlə xüsusi komissiya yaradılmalıdır. Bu komissiya tərəfindən yaranmış vəziyyətin səbəbləri obyektiv araşdırılıb, adekvat tədbirlər görülməlidir. Bu həftə Azərbaycanda baramaçılığın mövcud vəziyyəti və perspektivlərinə dair geniş yazı ilə çıxış edəcəyik, gələn həftə isə həmin məsələ ətrafında onlayn dinləmələr təşkil etmək fikrindəyik".


Deputat bildirib ki, təmsil etdiyi komitənin bank sistemi ilə bağlı da dinləmələr keçirməsi gözlənilir. Bu dinləmələrin konkret tarixi isə hələlik dəqiqləşdirilməyib.


O qeyd edib ki, son iki ayda komitə üç dinləmə keçirib: "Həmin dinləmələrdən biri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Palatanın məsul işçilərinin iştirakı ilə keçirilib. Dinləmə zamanı Milli Məclisin Hesablama Palatası ilə əlaqələrinin dərinləşdirilməsi, bu əsasda büdcə prosesinə nəzarətin gücləndirilməsi və səmərəliliyinin artırılası məsələləri geniş müzakirə olunub. İkinci dinləmə İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və nazirliyin məsul işçilərinin iştirakı ilə keçirilib. Görüş zamanı proqnozlaşmanın vəziyyəti və onun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində çox açıq və konstruktiv müzakirələr baş tutub. Üçüncü dinləmə Bakıda fəaliyyət göstərən lombardların nümayəndələri ilə keçirilib. Müzakirələr zamanı lombardların fəaliyyətinin hüquqi tənzimlənməsinin optimal variantı və "Lombardlar haqqında” qanunda praktiki məqamların nəzərə alınması ətrafında geniş fikir mübadiləsi aparılıb”.

Xəbər lenti