Xəzər Xəbər

60 və daha yuxarı yaşlı vəkillər növbətçiliyə cəlb edilməyəcək

Gündəm | 14:55 • 25 Mart 2020
60 və daha yuxarı yaşlı vəkillər növbətçiliyə cəlb edilməyəcək

Ölkəmizdə koronavirus infeksiyası ilə bağlı vəziyyət və bu infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 23 mart tarixli qərarını nəzərə alaraq, Vəkillər Kollegiyası Rəyasət Heyəti bəzi qərarlar qəbul edib.

Vəkillər Kollegiyasından bildiriblər ki, qərara əsasən 60 və daha yuxarı yaşlı vəkillər karantin dövründə üzvlük haqqından azad olunublar, karantin dövründə 60 və daha yuxarı yaşlı vəkillər vəkil qurumlarında növbətçiliyə cəlb edilməyəcək. Bütün vəkillər öz müvəkkilləri ilə, habelə digər şəxslərlə ünsiyyətdə İKT texnologiyalarından və elektron rabitə vasitələrindən istifadəyə üstünlük verəcəklər.

Bundan başqa, karantin dövründə müqavilələrin elektron qaydada bağlanılmasına icazə veriləcək (müqavilələr imzalandıqdan sonra skan edilməklə tərəflər arasında elektron poçt və ya digər elektron üsullarla göndərilməklə), vəkil qurumları iş rejimlərini maksimum dərəcədə məhdudlaşdıracaq, zəruri hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparatı və vəkil qurumları vətəndaşlara vəkillərin elektron reyestri vasitəsilə vəkil seçmək imkanlarını izah edəcəklər. Qətimkan tədbirinin seçilməsi ilə bağlı işlər əgər 60 və daha yuxarı yaşlı vəkillərin icraatında olarsa və bu işlər karantin dövrünə düşərsə, müvəkkilin konfedisiallıqla bağlı razılığı alınaraq həmin işlər vəkil qurumlarının digər vəkillərinə həvalə ediləcək.

Vəkillərə özünüqoruma vasitələrindən - maskalardan, antibakterial mayelərdən istifadə etmələrinin bir daha bildirilməsi və Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatının tanış olmaları üçün bu qərarı vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin diqqətinə çatdırması da qərarda öz əksini tapıb.

Xəbər lenti