Xəzər Xəbər

Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir

Gündəm | 11:46 • 11 İyul 2019
Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir

İyulun 11-də Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir.


Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın tarixi-dini abidələri haqqında fotosərgi ilə tanış olublar.


Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müraciətini oxuyub.


Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov İslamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin İslam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxunub. O, İslama dərindən bələd olan ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə 1998-ci il dekabrın 9-11-də Bakıda "İslam Sivilizasiyası Qafqazda" I Beynəlxalq Simpoziumunun keçirildiyini nəzərə çatdırıb.


Aİİ-nin rektoru daha sonra qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğını, həmçinin dinlərarası tolerantlıq və multikultural ənənələrin təbliğinə əsaslanan bu nəcib siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.


C.Məmmədov Azərbaycanın dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanındığını vurğulayıb. Bildirib ki, bu ideyaların təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi olaraq vurğulanmalıdır.


Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğunu bildirən C.Məmmədov ölkəmizdə çox sayda məscid, kilsə və sinaqoqun dövlət vəsaiti hesabına tikilib, həmçinin təmir edildiyini diqqətə çatdırıb: "Qafqazın ən böyük məscidi olan "Heydər Məscidi"nin inşa edilib inanclı insanların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun ən bariz nümunələrindəndir".


C.Məmmədov nitqində İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən də azərbaycanlı alimlərin özünəməxsus yerini vurğulayaraq, məşhur İslam alimləri haqqında bəhs edib.


On iki ölkədən alim və tədqiqatçıların iştirak etdiyi Simpoziumun Qafqazda İslam sivilizasiyasının tədqiqinə öz töhfəsini verəcəyini vurğulayan Aİİ-nin rektoru tədbirə uğurlar arzulayıb.


İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktoru Halit Eren qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın rolu xüsusi vurğulanmalıdır.


Halit Eren daha sonra bildirib ki, Azərbaycan İslam dünyasının bir parçası olduğundan, onun mədəniyyətində ərəb, İslam ünsürləri daha gözəçarpandır. Ona görə də İslam sivilizasiyasının Qafqazda yayılması, ilk növbədə, Azərbaycanla bağlı olduğundan, belə bir tədbirin burada reallaşması çox məqsədəuyğundur.


H.Eren "İslam sivilizasiyası Qafqazda" mövzusunda ikinci dəfə keçirilən Beynəlxalq Simpoziumun təşkilatçısı olmaqdan xüsusi qürur duyduğunu nəzərə çatdırıb.


İki gün davam edəcək simpoziumda Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı və Qafqazda İslam sivilizasiyası mövzusu üzrə fəaliyyət göstərən alim, tədqiqatçı və ekspertlərin məruzələrlə çıxışları nəzərdə tutulur.


Xatırladaq ki, "İslam sivilizasiyası Qafqazda” I Beynəlxalq Simpoziumu ulu öndər Heydər Əliyevin 1998-ci il 22 fevral tarixli Sərəncamına əsasən həmin il dekabrın 9-11-də Bakıda keçirilib.


Builki simpoziumda "İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, "Qafqazda İslam elmlərinin inkişafı”, "Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, "Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, "Qafqazda İslamın yayılması”, "Qafqazda multikulturalizm”, "İslam sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, "Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, "Çar Rusiyasının Qafqazda İslam siyasəti”, "Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” adlı panellərdə müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər. (AZƏRTAC)

Xəbər lenti