Azərbaycanın müdafiə
naziri general-polkovnik Zakir Həsənov 15 İyun - Milli Qurtuluş Günü və
Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik
edib.
XəzərXəbər xəbər verir ki, təbrikdə deyilir: "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi
15 İyun - Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə
səmimi-qəlbdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər
birinizə uğurlar arzulayıram.
Milli-mənəvi dəyərlərimiz,
dövlətçilik ənənələrimiz tarixin ən sərt dönəmlərində də qorunub
saxlanılmışdır. Xalqımız digər milli, dini bayramlar kimi müqəddəs
Ramazan bayramını da həmişə böyük istəklə, sevgi ilə qeyd edib. Xeyirxah
əməllər naminə birliyə, qardaşlıq və bərabərliyə çağıran, mənəvi
saflığa, dostluğa, həmrəyliyə söykənən, ailələrə sevinc, məhəbbət və
şadlıq gətirən Ramazan bayramı sülhün, əmin-amanlığın təzahürüdür.
Azərbaycan
müstəqilliyə yenidən nail olduqdan sonra, bərpa edilən dövlətçiliyimiz
xalqa öz bayramlarını təmtəraqla qeyd etməyə imkan yaratdı. Xalqın
təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin
apardığı uzaqgörən siyasət nəticəsində ölkəmiz ictimai-siyasi
böhrandan, xaosdan xilas oldu və respublikamızın hərtərəfli inkişafı
istiqamətində dönüş yarandı.
Böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə reallaşan beynəlxalq layihələr Azərbaycanın
iqtisadi qüdrətinin yüksəldilməsində mühüm rol oynadı.
Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini, sarsılmazlığını, dönməzliyini sübut edən ulu öndər Heydər Əliyevin
prinsipial və dönməz siyasəti ölkənin ordu quruculuğuna da əvəzsiz
töhfələr verdi. Müstəqilliyimizin, dövlətçiliyimizin dayağı və qarantı
olan müasir Azərbaycan Ordusunun banisi ümummilli lider Heydər Əliyevin başladığı ordu quruculuğu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, nizami ordumuzun hərbi qüdrəti gündən-günə artır.
Əminəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti ümummilli liderimiz Heydər Əliyevin
ideyalarına və Hərbi anda sadiq qalaraq, nizamnamələrin tələblərinə
uyğun xidmət edəcək, döyüş və mənəvi-psixoloji hazırlığını artırmaqla Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcəkdir.
15
İyun - Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramı münasibətilə
sizi bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun
ömür, ailə səadəti və şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!".