Xəzər Xəbər

Ayətullah Ərafi: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanınır

Dünya | 12:20 • 7 Oktyabr 2020
Ayətullah Ərafi:

İran Elmi Hövzələrin rəhbəri, nüfuzlu din xadimi Ayətullah Əlirza Ərafi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar xüsusi bəyanat yayıb.


Bəyanatda Dağlıq Qarabağın Azərbaycana aid olduğu və İslam aləminin Azərbaycanı dəstəkləməli olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın dünyaya görkəmli elm, mədəniyyət və din xadimləri bəxş edib.


Bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanınır. Odur ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır. Sovet İttifaqı 70 il ərzində Azərbaycan əhalisinin İslam dininə inancını sarsıda bilmədi. İranın elmi hövzələri onun tələbələri və ustadları Azərbaycanın yanında olmalı, onu dəstəkləməlidirlər.


İran ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin hökm sürməsindən narahat olan qüvvələrin təfriqə yaratmasına imkan verilməməlidir. Bu gün müsəlmanların dini və əxlaqi vəzifələri fitnələrə uymamaq, Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməkdən ibarət olmalıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi xarici qüvvələr İran ilə Azərbaycan arasındakı əlaqələri korlamaq və "bulanıq suda balıq tutmağa” cəhd edirlər. Lakin xalqların ayıq-sayıqlığı buna əsla imkan verməyəcək. Ortaq mədəniyyətə, tarixə və dini dəyərlərə malik xalqlarımız arasında nifaq salmaq mümkün olmayacaq./AZƏRTAC

Xəbər lenti