Xəzər Xəbər

Belarusun İnformasiya nazirinə Ermənistanın hərbi təxribatları barədə yeni materiallar təqdim edilib

Dünya | 17:27 • 6 Oktyabr 2020
Belarusun İnformasiya nazirinə Ermənistanın hərbi təxribatları barədə yeni materiallar təqdim edilib

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Belarusun İnformasiya naziri İqor Lutskiy ilə görüşüb.


Səfirlikdən bildiriblər ki, görüşdə L.Qəndilov sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücum etməsi və Ermənistanın son iki ay ərzində buna ciddi hazırlaşdığı barədə İ.Lutskiyə ətraflı məlumat verib.


Səfir Ermənistan tərəfinin davamlı təxribatlarına misal olaraq, 2020-ci il iyulun 12-16-da Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücum cəhdini, Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşma siyasəti aparmasını, cari il ərzində Ermənistan işğal altında olan ərazilərimizdəki su mənbələrinin qarşısını kəsməsini, Dağlıq Qarabağda təlimlərin keçirilməsini, Ermənistan rəhbərliyinin təxribatçı bəyanatlarını, qondarma "Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşa şəhərinə köçürməsinə dair qərarın qəbul edilməsini, könüllülərdən ibarət 20 minlik "xalq ordusu”nun yaradılmasını göstərib.


Hazırda isə münaqişə zonasından uzaqda yerləşən Gəncə, Mingəçevir, Xızı və Abşeronun Ermənistan ərazisindən raket atəşinə tutulduğunu, nəticədə mülki əhali arasında çoxsaylı ölən və yaralananların olduğunu, yaşayış və məişət obyektlərinin dağıldığını vurğulayıb.


Diplomat Ermənistanın Vardanis və Gorus rayonlarından Azərbaycanın mülki ərazilərinin raket atəşinə tutulmasının əsas məqsədinin Azərbaycanı təxribata çəkərək, Ermənistan ərazisini raketlərlə vurmağa məcbur etmək və nəticədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etməkdən ibarət olduğunu söyləyib.


Səfir Belarusun kütləvi informasiya vasitələrində məsələ ilə bağlı daha ətraflı məlumatların yayılması və obyektivliyin təmin olunması məqsədilə nazirə yeni materiallar təqdim edib.


Qeyd edilib ki, Azərbaycan həmişə özünün dostluq və qardaşlıq prinsiplərinə sədaqətlidir. Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-1” telekanalına müsahibəsi zamanı qısa bir cümlə ilə Belarusa çox böyük dəstək verib və bu da müttəfiqlik münasibətlərinə nə dərəcədə sadiq olduğumuzun nümunəsidir.


Görüşdə iştirak edən səfirliyin müşaviri N.Rüstəmov və ikinci katibi C.Məmmədov hazırlanmış video və yazılı materialları Nazirliyin nümayəndələrinə təqdim ediblər.

Xəbər lenti