Xəzər Xəbər

KİV: Paşinyan hakimiyyəti xalqının həyatı bahasına saxlamağa çalışır

Dünya | 21:25 • 30 Sentyabr 2020
KİV: Paşinyan hakimiyyəti xalqının həyatı bahasına saxlamağa çalışır

Moldova kütləvi informasiya vasitələrində "Nikol Paşinyan hakimiyyəti xalqının həyatı bahasına saxlamağa çalışır" adlı analitik məqalə dərc olunub.


Məqalədə Azərbaycanla Ermənistan arasındakı yeni hərbi münaqişənin günahkarının Ermənistanın baş naziri Nikol Paşinyan olduğu qeyd olunub.  


Yazıda vurğulanıb ki, o, bununla hakimiyyəti əldə saxlamağa və vətəndaşların diqqətini ölkədəki iqtisadi problemlərdən yayındırmağa cəhd göstərir.


"Bu il koronavirus pandemiyası səbəbindən Ermənistan vətəndaşlarının sosial-iqtisadi vəziyyəti xeyli pisləşib və nəticədə respublika rəhbərliyinin reytinqi xeyli aşağı düşüb. Sosioloji araşdırmalara görə, vətəndaşların 45%-dən çoxu Nikol Paşinyan və onun hökumətini dəstəkləmir. Dağlıq Qarabağda hərbi toqquşmaların eskalasiyası və hüquq-mühafizə orqanlarının gücləndirilməsi yalnız xalqın inam itkisi fonunda hakimiyyəti qorumaq motivləri ilə izah olunur" – məqalədə deyilib.


Yazıda həmçinin Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də təmas xətti boyunca Azərbaycana qarşı yeni hərbi təcavüzə başlanmasından, erməni silahlı birləşmələri tərəfindən Azərbaycan kəndlərinin və dinc sakinlərin intensiv atəşə tutulmasından, xeyli sayda mülki şəxsin ağır yaralanmasından, yerli sakinlərin evlərinə ciddi ziyan vurulmasından bəhs olunub.


Bundan əlavə, məqalədə iyul-avqust aylarında Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlar törətdiyi, bunun nəticəsində Azərbaycan hərbçiləri və sadə vətəndaşların həlak olduğu və bu, müharibənin əvvəlcədən hazırlandığı barədə fikirlər yazılıb.


Müəllif bununla yanaşı Ermənistan KİV-də bir çox yalan məlumatların yayımlanması, məsələn, guya Azərbaycan mülki avtobusu partlatması barədə bəhs edilib: "Ancaq bütün bunlar sadəcə saxta xəbər deyil, çox güman ki, öz vətəndaşlarını "qurban vermək"dir ki, ATƏT, BMT və digər beynəlxalq təşkilatlar Ermənistan tərəfini dəstəkləsinlər. Həmçinin Ermənistan Rusiyanın dəstəyinə ümid bəsləyir. Ancaq bu günə qədər Rusiya Federasiyasından əhəmiyyətli bir kömək müşahidə edilməmişdir”.


Məqalədə Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüququn tamamilə Azərbaycanın tərəfində olduğu vurğulanıb.


Müəllif həmçinin Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu qeyd edib: "Aktiv inkişaf edən, zəngin bir ölkənin bu müharibəyə ehtiyacı yoxdur. Ölkə rəhbərliyi milliyyətindən asılı olmayaraq bölgə sakinlərinin bir ölkədə birlikdə yaşamalarını istəyir".


Məqalənin sonunda Azərbaycan Ordusunun uğurlu əks-hücüm əməliyyatlar keçirdiyi, yalnız bir gündə Füzuli-Cəbrayıl cəbhə xəttindəki 8 kəndin erməni işğalından azad edildiyi, Goranboy istiqamətində apardığı hərbi əməliyyatlar nəticəsində eyniadlı dağ silsiləsinin Murovdağ zirvəsi erməni işğalçılarından azad olunduğu bildirilib./report

Rubrikanın digər xəbərləri

Xəbər lenti