Xəzər Xəbər

Doktor Fauçi: Bütün amerikalılar üçün kifayət qədər vaksin olacaq

Dünya | 13:30 • 24 Sentyabr 2020
Doktor Fauçi: Bütün amerikalılar üçün kifayət qədər vaksin olacaq

İnfeksion xəstəliklər üzrə aparıcı amerikalı ekspert doktor Entoni Fauçi sentyabrın 23-də Konqresdə dinləmələrdə çıxış edib. Doktor Fauçi bildirib ki, onun fikrincə, gələn il aprel ayına qədər bütün amerikalıların immunlaşdırma prosesindən keçməsi üçün koronovirus əleyhinə kifayət qədər vaksin dozası olacaq.


Doktor Fauçinin proqnozu bundan əvvəl tərtib olunmuş, keçən həftə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru doktor Robert Redfild tərəfindən Konqresə təqdim edilmiş qrafikə uyğundur.


Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru doktor Entoni Fauçi deyib ki, COVID-19-a qarşı effektiv vaksin oktyabrın sonunda və ya noyabrın əvvəlində əlçatan olacaq.


Senatın maliyyə təxsisatları üzrə yardımçı komissiyası qarşısında çıxış edən Fauçi deyib: "Ehtimal ki, noyabr ayında təxminən 50 milyon doza olacaq. Dekabr ayına qədər daha 100 milyondan çox doza gözlənilir. Yanvar və fevral aylarında da bu proses davam edəcək. Aprelə qədər toplam 700 milyon dozaya yaxın vaksinimiz olacaq”.


ABŞ əhalisinin sayı 328 milyona yaxındır. Fauçi deyib ki, alimlər vaksinin təhlükəsiz və effektiv olub-olmadığını noyabr və ya dekabr ayına qədər aydınlaşdıra biləcəklər. Qida məhsullarına və dərmanlara nəzarət idarəsinin nümayəndəsi doktor Stiven Xan isə bildirib ki, onun agentliyi vaksinin təsdiq edilməsi prosesində tələsməyəcək./AZƏRTAC

Xəbər lenti