Xəzər Xəbər

Assanjın ekstradisiyası ilə bağlı dinləmələrin ikinci mərhələsi başlayıb

Dünya | 17:33 • 7 Sentyabr 2020
Assanjın ekstradisiyası ilə bağlı dinləmələrin ikinci mərhələsi başlayıb

Böyük Britaniyanın paytaxtı Londonun "Old Bailey” Mərkəzi Cinayət Məhkəməsində "WikiLeaks” saytının qurucusu avstraliyalı Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı dinləmələr bərpa olunub.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, hakim Vaşinqtonun sorğusunun 2007-ci ildən qüvvədə olan ekstradisiya barədə ABŞ-Böyük Britaniya sazişinə uyğunluğunu müəyyən etməlidir.


Culian Assanj ötən ilin aprel ayından saxlanıldığı ciddi rejimli "Belmarsh” həbsxanasından məhkəmə salonuna gətirilib. Hələ may ayında başlamalı olan, lakin koronavirus pandemiyası səbəbindən təxirə salınan dinləmələrin 3-4 həftə davam edəcəyi gözlənilir. ABŞ Ədliyyə Nazirliyi Culian Assanja qarşı 18 ittiham irəli sürüb. O, əsasən Birləşmiş Ştatlar tarixində məxfi informasiyalarının yayımlanması ilə bağlı ən miqyaslı cinayətdə ittiham olunur. Bütün ittihamlar üzrə "WikiLeaks” saytının qurucusunu ümumilikdə 175 il həbs cəzası gözləyir.


Əgər ABŞ hakimiyyətinin sorğusu təmin edilsə, Culian Assanjın ekstradisiyası barədə sanksiya Böyük Britaniyanın Daxili İşlər naziri tərəfindən verilməlidir. Bu halda avstraliyalının vəkilləri qərarı London Yuxarı Məhkəməsinə, sonra isə Ali Məhkəməyə və ya insan hüquqları üzrə Avropa Məhkəməsinə çıxara bilərlər ki, bu prosedur da illərlə uzanacaq. Həmçinin ekstradisiyadan imtina ediləcəyi təqdirdə, ittiham tərəfi də müvafiq apelyasiya şikayəti verə bilər.


Qeyd edək ki, 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu "WikiLeaks” portalını təsis edən Culian Assanj 2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada təxminən 7 il gizlənib. 2019-cu il aprelin 11-də "Scotland Yard” Ekvador hökumətinin razılığından sonra Assanjı bu ölkənin səfirliyində həbs edib.

Xəbər lenti