Xəzər Xəbər

Planetin 844 milyon sakini təmiz su çatışmazlığından əziyyət çəkir

Dünya | 15:42 • 10 Avqust 2020
Planetin 844 milyon sakini təmiz su çatışmazlığından əziyyət çəkir

Əhali sayının artması, sənayenin və kənd təsərrüfatının inkişafı ilə şirin suya ehtiyacın kəskin şəkildə çoxalması dünyanın bir çox bölgəsində su çatışmazlığı ilə müşayiət olunur.


XəzərXəbər xəbər verir ki, bu fikirlər "Sudan səmərəli istifadə, həyata keçirilən layihələr” mövzusunda BMT İnkişaf Proqramı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişafı Mərkəzinin birgə əməkdaşlığı ilə məktəblilər və müəllimlər üçün keçirilən maarifləndirici vebinarda səsləndirilib.


Təhsil nazirinin müavini Firudin Qurbanovun, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun iştirakı ilə təşkil edilən vebinarda qeyd olunub ki, suya qənaətin, ondan səmərəli istifadənin vacibliyi və aktuallığı nəzərə alınaraq iyul-sentyabr ayları ərzində uşaqlar və yeniyetmələr arasında maarıfləndirici təlimlər aparılır.


Məqsəd dünyada, o cümlədən Azərbaycanda da mövcud olan su problemləri, onların aradan qaldırılması yolları, sudan istifadə sahəsində yeni qənaətcil texnologiyaların tətbiqi və su itkilərinin qarşısının alınması barəsində məktəblilərin məlumatlandırılması və maarifləndirilməsi, həmçinin müəllim və metodistlərin bu istiqamətdə biliklərinin artırılmasıdır.


Vebinarda hər iki nazirliyin nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin su problemlərinin aradan qaldırılması, su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün əlavə tədbirlər haqqında Sərəncamını və bu sahədə müəyyənləşdirilmiş 2020-2022-ci illər üçün Tədbirlər Planı haqda məlumatları diqqətə çatdırıblar.


Təhsil nazirinin müavini Firudin Qurbanov həyatın və insanın bütün təsərrüfat fəaliyyətinin su ehtiyatları ilə qırılmaz əlaqədə olduğunu bildirib. O, həyat mənbəyi olan suyun bütün canlı orqanizmlərin yaşaması üçün vacib amil olduğunu diqqətə çatdırıb. Bildirilib ki, su səmərəli istifadə edilməklə davamlı inkişafa dəstək verməklə yanaşı, ciddi qlobal risklərdən qoruyan əsas faktorlardan biridir.


F.Qurbanov şirin su ehtiyatlarının azaldığı dövrdə sudan qənaətlə istifadənin vacibliyini qeyd edərək burada maarifləndirmə işlərinin də xüsusi rolu olduğunu bildirib. Bu konteksdə "Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda məktəblilər və müəllimlər üçün keçirilən vebinarların əhəmiyyətini vurğulayan nazir müavini ölkəmizdə ətraf mühitin, su ehtiyatlarının qorunmasında gənc nəslin daha fəal olmasını tövsiyə edib.


Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov dünyada şirin su ehtiyatlarının azaldığını və bunun başlıca səbəbinin qlobal iqlim dəyişikliyi olduğunu deyib:


"Azərbaycan azsulu ölkələr sırasındadır, su çatışmazlığı problemi ölkəmizdən də yan keçmir. Respublikamızın su ehtiyatlarının 70 faizi ölkəmizdən kənarda formalaşır və Azərbaycana Kür, Araz, Samur kimi çaylarla tranzit olunur. Son 8 ildə müşahidə olunan davamlı quraqlıq su ehtiyatlarımızın azalmasına səbəb olub. Buna görə də su ehtiyatlarından səmərəli istifadə, onun ədalətli bölgüsünün, uçotunun aparılması istifadəsinə nəzarətin gücləndirilməsi zəruridir", - deyə V.Kərimov qeyd edib.


Nazirliyin rəsmisi ölkəmizdə suya qənaət edilməsi istiqamətində görülən işlərdən bəhs edib, gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəsi sudan səmərəli və qənaətlə istifadəyə çağırıb.


BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Çaru Bist planetin 844 milyon sakinin təmiz su çatışmazlığından əziyyət çəkdiyini, 600 milyon uşağın isə təmiz suya çıxışının çox zəif olduğu ərazidə yaşadığını qeyd edib. O, beynəlxalq təcrübəyə əsasən bəzi ölkələrin su qıtlığı probleminə müxtəlif sektorlar üzrə su resurslarının effektiv idarə olunması yolu ilə nail olduğuna diqqət çəkib. Çaru Bist, həmçinin bu gün gənclərin dünyada müsbət dəyişikliklərin əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayaraq, onların məlumatlılığın artırılmasında, maarifləndirmə proqramlarının həyata keçirilməsində, təbiətin qorunması, eləcə də bərpa olunan enerji mənbələrinin təbliğ edilməsi və ekoloji cəhətdən təmiz təcrübənin mənimsənilməsi üçün yerli, milli və qlobal səviyyədə fəal iştirakını qeyd edib.


Ekoloji təhsilin Yer kürəsində davamlı inkişafa nail olmaq, ətraf mühitə təsiri azaltmaq üçün vacib amillərdən olduğunu bildirən vebinar iştirakçıları bu tədbirin uşaq və gənclərin ekoloji tərbiyəsinin formalaşmasına, faydalı təcrübənin öyrənilməsinə töhfə verəcəyini diqqətə çatdırıblar./AZƏRTAC

Xəbər lenti