Xəzər Xəbər

Boliviyada koronavirus səbəbindən milli fəlakət rejimi elan olunub

Dünya | 13:37 • 28 İyul 2020
Boliviyada koronavirus səbəbindən milli fəlakət rejimi elan olunub

Boliviya hökuməti koronavirus pandemiyası ilə mübarizədə kredit almaq məqsədilə ölkədə milli fəlakət rejimi elan edib.


Müvafiq qərar Boliviya hökumətinin rəsmi qəzetinin saytında dərc olunub. "Koronavirus pandemiyasının neqativ nəticələrinin səbəb olduğu iqtisadi xarakterli təxirəsalınmaz məsələlərin həlli üçün Boliviya ərazisində milli fəlakət rejimi elan olunub”, - deyə sənəddə bildirilir.


Həmçinin İqtisadiyyat Nazirliyi pandemiyanın nəticələrinin aradan qaldırılmasına yönələn iqtisadi tədbirlərin tətbiqi üçün dövlət büdcəsi hesabına kredit alınması üçün Boliviya Mərkəzi Bankına müraciət edəcək.


Bir qədər əvvəl Boliviya parlamentinin sabiq prezident Evo Morales tərəfdarlarının çoxluq təşkil etdiyi aşağı palatasının deputat komissiyası hökumətin Beynəlxalq Valyuta Fondunun pandemiya və onun nəticələri ilə mübarizə aparmaq üçün respublikaya verməyə hazır olduğu 327 milyon dollarlıq krediti almaq barədə qanun layihəsini rədd etmişdi. Deputatların fikrincə, kreditin alınması büdcə xərclərinin azalmasına səbəb olacaq.


Qeyd edək ki, martın 10-da Boliviyada koronavirusa ilk yoluxma halı qeydə alınıb. Bundan bir neçə gün sonra ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, Boliviyada 71 min 181 yoluxma və 2 min 647 ölüm faktı qeydə alınıb, 21 min 478 nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Hazırda ölkədə 47 mindən çox aktiv koronavirus xəstəsi var.

Xəbər lenti