Xəzər Xəbər

Tunis parlamenti Baş nazirə qarşı korrupsiya ittihamı ilə bağlı təhqiqat komissiyası yaradıb

Dünya | 18:58 • 10 İyul 2020
Tunis parlamenti Baş nazirə qarşı korrupsiya ittihamı ilə bağlı təhqiqat komissiyası yaradıb

Tunis parlamenti iqtidar koalisiyasına daxil olan müxalifət partiyalarının tələbi ilə Baş nazir İlyes Faxfaxın özəl şirkətinə qarşı korrupsiya ittihamı ilə əlaqədar təhqiqat komissiyası yaradıb.


Bu barədə "Əl Ərəbiyə” telekanalı məlumat yayıb.


Artıq dörd nazir portfelinə malik olan müxalifət partiyaları bu postlardan imtina ediblər. Onlar Baş nazirə məxsus şirkətin 15 milyon dollarlıq tenderi ələ keçirdiyini iddia edirlər. Müxalifət partiyaları bu cür halların COVID-19 pandemiyası dövründə dərin böhran yaşayan ölkə iqtisadiyyatını daha da zəiflətdiyini açıqlayıblar. Bütün bu tələblər qarşısında Misir parlamenti siyasi partiyaların təmsilçilərindən ibarət təhqiqat komissiyası yaradılması barədə qərar qəbul edib. Tunisin rəsmi TAP informasiya agentliyi komissiyanın tərkibini açıqlayıb.


Baş nazir Faxfax isə bəyan edib ki, ona qarşı irəli sürülmüş ittihamların sübut olunacağı təqdirdə istefa verməyə hazırdır. O əlavə edib ki, adı korrupsiyada hallanan şirkətin səhmlərini satıb və dövlət sifarişlərinin qanunsuz əldə edilməsində iştirak etməyib. Lakin Tunisin Korrupsiya Komissiyasının sədri Məhəmməd Abbu bildirib ki, Baş nazir tenderdə iştirak edən şirkətin səhmlərini satması barədə müvafiq orqanlara heç bir məlumat verməyib.


Analitiklər hesab edirlər ki, bu ittihamlardan sonra ötən ilin dekabrında formalaşmış koalisiya hökuməti istefaya gedə və ölkədə yenidən böhran yarana bilər.

Xəbər lenti