Xəzər Xəbər

Tramp rep ifaçısının ABŞ prezidenti postuna namizədliyini irəli sürmək qərarını dəstəkləyir

Dünya | 14:09 • 10 İyul 2020
Tramp rep ifaçısının ABŞ prezidenti postuna namizədliyini irəli sürmək qərarını dəstəkləyir

ABŞ Prezidenti Donald Tramp populyar rep ifaçısı Kanye Uestin ali dövlət postuna namizədliyini irəli sürmək qərarını alqışlayır, lakin hesab edir ki, sonda müğənni respublikaçıları dəstəkləyəcək.


Bu barədə Donald Tramp Fox News telekanalının efirində deyib.


"O, çox yaxşı oğlandır, bizim münasibətlərimiz yaxşıdır. Düşünürəm ki, o, yekunda bizi dəstəkləyəcək”, - deyə ABŞ Prezidenti bildirib. Donald Tramp, həmçinin solçu radikalları dayandırmağın vacib olduğunu da vurğulayıb.


İyulun 4-də Kanye Uest özünün "Twitter” səhifəsində Birləşmiş Ştatların prezidenti postuna namizədliyini irəli sürməyə hazırlaşdığını yazıb. Müğənni, həmçinin "Forbes” jurnalına müsahibəsində bildirib ki, əvvəllər Donald Trampın tərəfdarı olsa da, artıq onu dəstəkləmir.


"Forbes” jurnalı ABŞ-ın ən populyar rep ifaçılarından biri, 20-dən çox "Grammy” mükafatının sahibi Kanye Uesti milyarderlər siyahısına daxil edib. Onun varidatı təxminən 1,3 milyard dollar həcmində qiymətləndirilir.


Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Ali dövlət postuna demokratların namizədinin sabiq vitse-prezidenti Cozef Bayden, respublikaçıların namizədinin isə Donald Tramp olacağı gözlənilir.

Xəbər lenti