Xəzər Xəbər

ABŞ-da COVID-19 koronavirusuna yoluxanların sayı 3 milyonu keçib

Dünya | 12:31 • 9 İyul 2020
ABŞ-da COVID-19 koronavirusuna yoluxanların sayı 3 milyonu keçib

Çərşənbə günü Birləşmiş Ştatlarda COVID-19 koronavirusuna yoluxanların sayı üzrə yeni gündəlik antirekord müəyyən edilib.


İyulun 8-də gün ərzində 60 mindən çox yeni yoluxma qeydə alınıb. Bu, əvvəlki gündəlik göstəricidən bir neçə min yuxarıdır.


Cons Hopkins Universitetinin tədqiqatçıları bildiriblər ki, çərşənbə günü 60.021 yeni yoluxma qeydə alınıb. Cəmi bir neçə gün bundan əvvəl qeydə alınmış milli rekord 54.500 idi.


Universitetin çərşənbə günü yeniləşdirdiyi məlumata görə, ABŞ-da koronavirusa yoluxma hallarının ümumi sayı 3,01 milyon, ölənlərin sayı isə təqribən 131.600 nəfər olub. Son bir həftədə 30-dan çox ştatda yoluxma hallarının ciddi artımı qeydə alınıb. Həmin ştatların səhiyyə departamentlərinin nümayəndələri bildiriblər ki, xəstəxanalara və reanimasiyaya yerləşdirilən pasiyentlərin də sayı xeyli artıb.


Florida Səhiyyə Departamentinin nümayəndələri bildiriblər ki, ştatın 44 dairəsindən 14-də xəstəxanaların 90 faizi doludur. Tampa kurort şəhərinin daxil olduğu Hillsboro dairəsinin administrasiyası bildirib ki, bu dairədə cəmi 38, Mayami-Deyd dairəsində isə cəmi 155 boş çarpayı var.

Xəbər lenti