Xəzər Xəbər

Yaponiya ABŞ istehsalı olan raketdən müdafiə sisteminin yerləşdirilməsi planından imtina edib

Dünya | 12:18 • 25 İyun 2020
Yaponiya ABŞ istehsalı olan raketdən müdafiə sisteminin yerləşdirilməsi planından imtina edib

Yaponiya ABŞ istehsalı olan "Aegis Ashore” raketdən müdafiə sisteminin ölkə ərazisində yerləşdirilməsi planından imtina edib.


Bu barədə Yaponiyanın Müdafiə naziri Taro Kono bəyan edib. Nazir bildirib ki, hökumət "Aegis Ashore” komplekslərinin Yamaquçi və Akita prefekturaları ərazisində yerləşdirilməsi barədə planı ləğv edib.


Xatırladaq ki, T.Kono hələ iyunun 15-də həmin planın icrasının dayandırıldığını bildirib. Həmin qərarın qəbulu ilə əlaqədar nazir Baş Nazir Şinzo Abenin və kabinetin bir sıra üzvlərinin də iştirak etdiyi Milli Təhlükəsizlik Şurasının iclasında məlumat verib.


Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) iyunun 25-də təhlükəsizlik məsələlərinə həsr olunmuş yığıncaq keçirib. İclasda iştirak edən T.Kono Milli Təhlükəsizlik Şurasının həmin qərarı barədə məlumat verib və yaranmış anlaşılmazlığa görə üzr istəyib.


Nazir əlavə edib ki, Şərqi Çin dənizində yaranmış cari vəziyyətlə əlaqədar "Aegis Ashore” sistemləri ilə təchiz edilmiş esmineslərlə yanaşı, əlavə yerüstü sistemlərin quraşdırılması milli təhlükəsizlik baxımından səmərəli addım deyil.


T.Kono qeyd edib ki, Yaponiya ortamüddətli və uzunmüddətli tədbirlər müəyyən etməlidir və hökumət hakim partiya ilə birlikdə raket əleyhinə alternativ sistemlərin də daxil olunduğu milli təhlükəsizlik strategiyasını hazırlamalıdır.


LDP-nin milli təhlükəsizlik qrupunun rəhbəri, sabiq Müdafiə naziri Onodera İtsunori bəyan edib ki, LDP raketdən müdafiənin əsaslarını təşkil edəcək yeni təkliflərin hazırlanması üçün layihə qrupu yaradacaq.


Bir daha qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi "Aegis Ashore” raketdən müdafiə sistemlərini ölkənin bütün ərazisini qorumaq məqsədilə Akita və Yamaquçi prefekturalarında yerləşdirməyi planlaşdırırdı. Namizəd ərazilər arasında Quru qoşunlarının Yamaquçi prefekturasının Haqi şəhərindəki Mutsumi poliqonu və Akita şəhərinin Arayya rayonundakı təlim mərkəzi göstərilirdi.


Lakin nazirliyin tərtib etdiyi sorğu və izahatın qaneedici səviyyədə olmaması yerli sakinləri qəzəbləndirib və yeni variantların araşdırılmasına ehtiyac yaradıb. (AZƏRTAC)

Xəbər lenti