Xəzər Xəbər

Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək

Dünya | 22:53 • 5 İyun 2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək

Fransada muzeylər yenidən ictimaiyyətə açılır. Koronavirus epidemiyasına görə muzeylər fəaliyyətlərini yeni qaydalar əsasında davam etdirəcəklər.


Fransa tarixinin rəmzlərindən olan Versal sarayı iyunun 6-dan öz qapılarını yerli ziyarətçilərə açacaq. Epidemiyaya görə 82 gün təcrid olan sarayın iqtisadi baxımdan çətin vəziyyətdə olduğu bildirilir.


Versal sarayı rezervasiya ilə saatda 500 nəfər olmaqla gün ərində 4500 ziyarətçi qəbul edəcək. Halbuki əvvəlki illərdə saray gün ərzində 27 min ziyarətçini qəbul edib.


Əvvəllər özünü 87 faiz maliyyələşdirən sarayın maliyyəsinin 70 faizi bilet kassalarından gəlib. Versal sarayının ildə qəbul etdiyi səkkiz milyon ziyarətçinin 80 faizi xarici ziyarətçilərin payına düşür ki, onların da 30 faizi amerikalı və asiyalı turistlərdən ibarət olub.


Qeyd edək ki, 1939-cu ildə müharibə başlayanda qapılarını bağlayan saray cari ildə qapılarını yenidən bağlamaq məcburiyyətində qalıb. Sosial təcrid rejimi müddətində sarayda təmizlik işləri aparılıb.

Xəbər lenti