Xəzər Xəbər

Çinli gənclər Azərbaycana mənəvi dəstək videosu hazırlayıblar

Dünya | 15:26 • 9 Aprel 2020
Çinli gənclər Azərbaycana mənəvi dəstək videosu hazırlayıblar

Çinli gənclər Azərbaycanın yeni tip koronavirus (COVID-2019) pandemiyası ilə mübarizəsinə dəstək məqsədilə videoçarx hazırlayıblar.

Əsasən Çin Xarici İşlər Nazirliyi və ölkənin digər dövlət qurumları üçün kadrların hazırlanması ilə məşğul olan Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri videoda belə çətin günlərdə Azərbaycan xalqı ilə həmrəy olduqlarını, Azərbaycanın pandemiya ilə mübarizəsinə dəstəklərini ifadə ediblər.

Tələbələr Azərbaycan xalqına çağırış edərək karantin rejiminin tələblərini yerinə yetirməyi, özümüzün və yaxınlarımızın sağlamlığını qorumaq üçün evdə qalmağı, gigiyena qaydalarına əməl etməyi tövsiyə ediblər. Onlar Çinin koronavirus infeksiyası ilə mübarizə təcrübəsindən söz açaraq, həftələrlə evdə qaldıqlarını, təmizlik qaydalarına riayət edərək epidemiyaya qalib gəldiklərini bildirib, Azərbaycanın da çox qısa müddətdə epidemiyaya qalib gələcəyinə inam ifadə ediblər.

Çinli gənclər Azərbaycanın bütün fədakar həkimlərini alqışlayaraq, onların əməyi və xalqın əzmi ilə Azərbaycanın epidemiyanı məğlub edəcəyini, bu işdə hər zaman ölkəmizin yanında olduqlarını bildiriblər.

Videoda Çin və Azərbaycanın çoxdankı dost olduqları, epidemiyanın alovlandığı vaxt Azərbaycan dövlətinin və xalqının Çinə dəstək göstərdiyi vurğulanır.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Ümidin sönməsin dünya olsa dar, Hər qara buluddan ağ yağış yağar" beytini yada salan tələbələr Azərbaycan xalqının ümidlərinin sönməməsini, daha möhtəşəm günləri birlikdə qeyd edəcəyimizi arzulayıblar.

Çarxda PXDU-da Azərbaycanla bağlı keçirilmiş tədbirlərin, o cümlədən Azərbaycanın rəsmi şəxslərinin və alimlərinin çinli tələbələr üçün oxuduğu mühazirələrə və görüşlərə, "Nəsimi ili" çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə PXDU-da keçirilmiş Azərbaycan dili və ədəbiyyatı sərgisinə, Novruz bayramı şənliyinə, Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş distant Çin dili kurslarının açılışı zamanı PXDU-nun Azərbaycan dili kafedrasında təhsil alan çinli tələbələrlə birbaşa bağlantıya, ölkəmizin COVID-19 pandemiyası ilə mübarizə aparan Çinlə həmrəyliyinin rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərində Çin Xalq Respublikasının bayrağının bu ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunmasına aid görüntülər də əks olunub.

Qeyd edək ki, Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə kadrlar hazırlanmasına başlanılıb. Bütün Asiya məkanında Azərbaycan dili ixtisası üzrə tələbə qəbulu və Azərbaycan dili kafedrası ilk dəfə PXDU-da təşkil olunub. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə burada ötən illər ərzində dəfələrlə ölkəmizlə bağlı tədbirlər keçirilib, Azərbaycan həqiqətlərini, dilimizin və mədəniyyətimizin təbliğini elmi yolla reallaşdıran layihələr icra olunub. PXDU Azərbaycan dilinin və mədəniyyətinin tədrisi və tədqiqinə xüsusi diqqət ayırır. Hazırda universitetdə Azərbaycan Mərkəzinin yaradılması istiqamətində işlər aparılır.

Xəbər lenti