Xəzər Xəbər

G20 virtual sammitində yekun bəyannamə qəbul edilib

Dünya | 09:19 • 27 Mart 2020
G20 virtual sammitində yekun bəyannamə qəbul edilib

Koronavirus pandemiyasının yayılması və "neft müharibəsi”nin törətdiyi qlobal iqtisadi fəsadlara həsr olunmuş "Böyük iyirmilik” (G20) qrupuna daxil olan ölkələrin liderlərinin virtual sammitində yekun bəyannamə qəbul edilib.

Xezerxeber.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin sədrliyi ilə keçirilən virtual sammitdə videokonfrans vasitəsilə ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Yaponiyanın Baş Naziri Şinzo Abe, Kanadanın Baş Naziri Castin Trüdo, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqının və qrupa daxil olan digər ölkələrin liderləri iştirak ediblər.

Birgə yekun bəyannamədə liderlər koronavirus pandemiyasına qarşı vahid cəbhədə mübarizə aparılması, onun fəsadlarını aradan qaldırmaq üçün dünya iqtisadiyyatına 5 trilyon dollar vəsait ayrılması, azad və sabit qlobal ticarətin əlaqələndirilməsi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT və Beynəlxalq Valyuta Fondu (BVF) ilə birlikdə pandemiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, ÜST-yə maliyyə vəsaiti ayrılması və onun səlahiyyətlərinin genişləndirilməsi, BVF və Dünya Bankının pandemiyanın iqtisadi fəsadlarını qiymətləndirməsi, Beynəlxalq Əmək Təşkilatı tərəfindən əhalinin məşğulluğu problemlərinin öyrənilməsi üzrə razılığa gəliblər. G20 ölkələrinin liderləri koronavirusun yayılması fonunda mərkəzi bankların addımlarını təqdir edib, habelə Beynəlxalq Olimpiya Komitəsinin Tokioda keçirilməsi nəzərdə tutulan Olimpiya oyunlarının təxirə salınması barədə qərarını bəyəniblər. Qeyd olunub ki, koronavirusa qarşı mübarizədə yoxsul ölkələrə yardım edilməlidir. Bundan başqa, neftin qiymətlərinin də aşağı olmasının qlobal iqtisadiyyata mənfi təsiri vurğulanıb.

Xəbər lenti