Xəzər Xəbər

Gürcüstanda azərbaycanlılar koronavirusa görə sürətli testdən keçiriləcək

Dünya | 15:46 • 24 Mart 2020
Gürcüstanda azərbaycanlılar koronavirusa görə sürətli testdən keçiriləcək

Martın 24-də Gürcüstana koronavirusun qısa zamanda aşkarlanmasına kömək edəcək sürətli testlərin ilk partiyası çatdırılacaq.

Bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin rəhbəri Yekaterina Tikaradze brifinqdə bildirib.

Onun sözlərinə görə, testlər bir neçə mərhələdə (ikinci partiya martın 27-də, üçüncü isə aprelin 5-də) gətiriləcək.

Əhalinin bu gündən başlayaraq, koronavirusla bağlı testlərdən keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, martın 23-dən etibarən Gürcüstan hökuməti Marneuli və Bolnisidə sərt karantin tətbiq edib. Qərarkoronavirusa yoluxmuş bir qadının ağır vəziyyətdə Marneulidən Tbilisiyə çatdırılmasından sonra verilib. Mütəxəssisləryoluxmanın Azərbaycandan gələn qonaqlar da daxil olmaqla, bir neçə yüz adamın qatıldığı yasmərasimində baş verdiyini düşünür.

Marneuli rayonunda təxminən 130 min, Bolnisi bölgəsində isə 80 min nəfər yaşayır. Hər iki bələdiyyə Kvemo Kartli regionunun bir hissəsidir və burada əsasən etnik azərbaycanlılar yaşayır.

Səhər saatlarında hərbçilər və polis əraziyə cəlb olunub, habelə çadır və xüsusi avadanlıqları olan yük maşınları karantin zonasına gətirilib. Ərazinin giriş və çıxışlarında nəzarət məntəqələri qurulub.

Yerli sakinlərə ərazini iki həftə ərzində tərk etmək qadağan edilib. Sərt karantin bölgələrində əhalinin kütləvi yoxlanılmasına başlanacaq. Həkimlər hər ailəyə baş çəkməyi və koronavirus əlamətlərini yoxlamağı planlaşdırırlar. Yoluxanlar karantinə və ya xəstəxanaya çatdırılacaq.

Qeyd edək ki, Gürcüstan ərazisində 21 mart-21 aprel tarixlərində fövqəladə vəziyyət elan edilib. Ölkədə şəhərlərarası sərnişin daşınması dayandırılıb.

Xəbər lenti