Xəzər Xəbər

Sabahdan Gürcüstanda 10-dan çox insanın bir yerdə toplaşması qadağan olunur

Dünya | 17:08 • 21 Mart 2020
Sabahdan Gürcüstanda 10-dan çox insanın bir yerdə toplaşması qadağan olunur

Martın 22-dən etibarən Gürcüstanda 10-dan çox insanın bir yerdə toplaşması qadağan olunur.

Bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bu gün keçirdiyi xüsusi brifinqdə bildirib.

Hökumət başçısının sözlərinə görə, ölkədə fövqəladə vəziyyətin elan olunmasında əsas məqsəd vətəndaşların sağlamlığının qayğısına qalmaq, onların COVID -19 virusuna yoluxmasının qarşısını almaqdır.

Giorgi Qaxariya deyib ki, bütün fiziki və hüquqi şəxslər fövqəladə vəziyyətin tələblərinə riayət etməyə məcburdurlar. Bu tələbləri pozan fiziki şəxslər 3 min lari, hüquqi şəxslər isə 15 min lari məbləğində cərimə olunacaqlar. Bu hallara təkrar yol verənlər isə üç ilədək müddətə həbs olunacaqlar.

Qeyd edək ki, koronavirusla bağlı Gürcüstanda aprelin 21-dək fövqəladə vəziyyət elan olunub. Sənəd təsdiq edilmək üçün parlamentə təqdim edilib./AZƏRTAC

Xəbər lenti