Xəzər Xəbər

Sirr çözülür: Almaniya koronavirusa necə qalib gəlir? – İlginc detallar

Dünya | 17:01 • 21 Mart 2020
Sirr çözülür:

İndiyə qədər yeni növ koronavirus haqqında çox şey məlum deyil. Almaniyada ölüm səviyyəsinin aşağı olması mütəxəssislər arasında sual doğurur. Ölkədə martın 19-dək təxminən 14 min insanın "Kovid-19” pandemiyasına yoluxduğu və yalnız 30 nəfərin öldüyü bildirilir. Martın 20-nə olan statistikaya görə isə yoluxanların sayı 19.7 min, ölənlərin sayı 40 nəfərdir.

Bu barədə "Financial Times” qəzetinin yayımladığı bir məqalədə bildirilib.

Nəşr xatırladır ki, həmin tarixə qədər qonşu Fransada 10 minə yaxın insan koronavirusa yoluxub, amma 240-dan çox ölüm qeydə alınıb. Martın 21-dək isə virusa yoluxan 12 min xəstənin 450 nəfəri həyatını itirib.

İspaniya və İtaliyada işlər daha da pisdir. Bu ölkələrdə ölü sayı Çini keçib. İtaliyada 47 min xəstə var, ölənlərin sayı isə 4 mindən çoxdur. Eyni zamanda, 5 min nəfər sağalıb.

Koronavirusun ağır nəticələrə yol açdığı bir vaxtda dünya Almaniyadakı qeyri-adi vəziyyəti müzakirə edir. Mütəxəssislər bu qədər aşağı ölüm nisbəti ilə bağlı dəqiq bir izahat tapmırlar. Bəziləri məsələnin vaxtında həll olunduğu və xəstəliyin erkən aşkarlandığına inanır.

Bəzi mənbələr də qeyd edirlər ki, Almaniyadakı yoluxma halların 80% -dən çoxu 60 yaşın altındadır və bildiyimiz kimi, koronavirus ən çox yaşlı insanların həyatını əlindən alır.

Hannover Universitetinin tibb professoru Matis Ştoll baş verənlər haqda belə deyib:

"Koronavirus Almaniyada yeni yayılmağa başlayanda dağlardan tətildən qayıdan insanların bir çoxunda yoluxma halı qeydə aldıq. Bunlar əsasən 80 yaşdan kiçik, fiziki cəhətdən olduqca güclü və təhsilli insanlardır. Onların koronavirusdan ölüm riski nisbətən azdır”.

Bundan əlavə, Almaniya həftədə 160 mindən çox test istehsal edir. Ancaq mütəxəssislər vəziyyətin yaxın gələcəkdə daha da pisləşəcəyinə inanırlar.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, martın 21-dək dünyada "Kovid-19” pandemiyasına yoluxanların sayı 234 mini ötüb, 10 min nəfər bu virusdan ölüb./teleqraf

Xəbər lenti