Xəzər Xəbər

Almaniya qəzeti: “Ermənilər törətdikləri cinayətə görə cavab verməlidirlər”

Dünya | 15:37 • 24 Fevral 2020
Almaniya qəzeti: “Ermənilər törətdikləri cinayətə görə cavab verməlidirlər”

Almaniyanın "der Freitag” həftəlik qəzetində Xocalı soyqırımından bəhs edən "Ermənilər törətdikləri cinayətə görə cavab verməlidirlər” başlıqlı məqalə dərc olunub.


Yazıda Xocalı soyqırımının ermənilər tərəfindən hazırlanması, həyata keçirilməsi və mahiyyəti barədə geniş məlumat verilib.

Diqqətə çatdırılıb ki, bu soyqırımını həyata keçirərək uşaqları, qoca və qadınları qətlə yetirib cəsədlərini təhqir etməklə ermənilər əsl mahiyyətlərini ortaya qoymuş oldular. Qeyd edilib ki, erməni silahlıları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərək görünməmiş qətliam törətdilər. Şəhər yerlə-yeksan edildi, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdıldı və yandırıldı. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirildi, yüzlərlə mülki insan ağır yaralandı. 1275 nəfər girov götürüldü və onların 150-sinin taleyi barədə heç bir məlumat yoxdur.


Dərc olunmuş yazıda Xocalı soyqırımında Ermənistan siyasi elitasının iştirakına diqqət çəkilərək bu ölkənin keçmiş prezidenti Serj Sarkisyan, Müdafiə naziri Seyran Ohanyanın adları qeyd olunub və baş vermiş qətliamda birbaşa iştirak etmiş Serj Sarkisyanın ingilis jurnalisti Tomas de Vala verdiyi müsahibədən sitat gətirilir, onun Xocalı soyqırımında birbaşa iştirak etdiyini və bu hadisələri fəxr hissi ilə dilə gətirdiyi bildirilib. Bununla yanaşı, məqalədə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr haqda da məlumat verilir. Vurğulanır ki, bu qətnamələr Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir və işğal olunmuş ərazilərdən Ermənistan hərbi birləşmələrinin tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir.


Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub və işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurdlarını tərk etməyə məcbur edilib. Bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərdə də Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub, Ermənistanın işğalçılıq siyasətinin qəbuledilməz olduğu bildirilib. (AZƏRTAC)

Xəbər lenti