Xəzər Xəbər

İranda daha 3 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib

Dünya | 14:36 • 20 Fevral 2020
İranda daha 3 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib

İranın Qum və Ərak şəhərlərində daha 3 nəfərin yeni koronavirusa yoluxması halı təsdiqlənib.


APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.


O bildirib ki, həmin 3 nəfər xəstəxanalarda nəzarət altındadır.


Cahanpur əlavə edib ki, virusa yoluxanlar İran vətəndaşlarıdır. Ərak şəhərində yoluxan şəxs həkimdir.


Nazirlik rəsmisi İranda yeni koronavirusa yoluxanların sayının 5 nəfərə çatdığını təsdiqləyib.


K.Cahanpur yeni koronovirusla əlaqədar İranın Qum şəhərində izdihamlı məscidlərə və digər ictimai yerlərə, eləcə də ziyarət məkanlarına gediş-gəlişlərin məhdudlaşdırılmasının təklif olunduğu bildirib.


O qeyd edib ki, əgər təklif qəbul olunarsa, qərar Qum əyalət başçısı tərəfindən elan olunacaq.


Qeyd edək ki, ötən gün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.

Xəbər lenti