Xəzər Xəbər

Dünya iqtisadiyyatı tarixi fəlakətlə üz-üzədir 500 milyard dollar

Dünya | 15:46 • 29 Yanvar 2020
Dünya iqtisadiyyatı tarixi fəlakətlə üz-üzədir

Çinin Uhan şəhərini cənginə alan və bir neçə ölkədə də yoluxma faktı qeydə alınan koronavirusla bağlı bütün dünyada həyəcan təbili çalınır.

Artıq Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi üçün qurumlara göstərişlər verilib.

Məsələ 1,3 milyard əhalisi olan Çin, 11 milyon əhalisi olan Uhan şəhərindən getdiyi üçün normal olaraq bütün dünya təhülkədədir. Dünya ticarət dövriyyəsinin ABŞ-la birlikdə əsas hissəsini əlində tutan Çindən hər gün onlarla ölkəyə təyyarə reysləri həyata keçirilir. Bu isə virusun yayılma radiusunun genişlənmə ehtimalını da artır. Məlumat üçün bildirək ki, Azərbaycan artıq martın 28-nə qədər Pekinə uçuşları dayandırıb.

Virus bütün dünyada yayılacağı təqdirdə planetimiz böyük fəlakətlə üz-üzə qala bilər. Heç şübhəsiz ki, bu fəlakətdən ən çox ziyan çəkəcək ölkə Çin olacaq. Çünki bir çox ölkə artıq Çinlə gediş-gəlişi müvəqqəti olaraq məhdudlaşdırıb. Bu isə Çinin birbaşa iqtisadiyyatına böyük zərbə vurur. Təkcə Çin deyil, bu ölkə ilə ticarət əlaqələri sayəsində milyardlarla gəlir qazanan ölkələrin də ticarətinə zərbə dəyə bilər.

Araşdırmaçıların hesablamalarına görə, virus bütün dünyada yayılarsa, dünya iqtisadiyyatına 500 milyard dollar ziyan dəyə bilər.

Xatırladaq ki, 2003-cü ildə yayılmış SARS virusuna görə, dünya iqtisadiyyatı 40 milyard dollar itirmişdi.

Bir məqamı qeyd edək ki, virus artıq neftin qiymətinin aşağı düşməsinə səbəb olub. Belə ki, virusun yayılmasından sonra Çinin günlük tələbatı 260 min barrel azalıb və nəticədə qlobal bazarda neftin qiyməti 60 dollardan da aşağı düşüb.

Qeyd edək ki, Uhan şəhəri ticarət və turizm baxımında ən önəmli şəhərlərdən biridir. Bir sıra qlobal şirkətlərin zavodları da bu şəhərdə yerləşir.

BAKU.WS

Xəbər lenti