Xəzər Xəbər

ABŞ Ali Məhkəməsi immiqrantlara qrin-kart verilməməsini asanlandıran yeni qaydanı bəyənib

Dünya | 16:34 • 28 Yanvar 2020
ABŞ Ali Məhkəməsi immiqrantlara qrin-kart verilməməsini asanlandıran yeni qaydanı bəyənib

ABŞ Ali Məhkəməsi Tramp Administrasiyasının inzibati qaydasının müvəqqəti tətbiqi barədə qərar çıxarıb. Qərara görə, bəzi immiqrantlar yeni standartlara uyğun gəlməsələr, sosial və tibbi təminat müavinətlərinə bel bağlamayacaqlarını sübut etməsələr, ABŞ-da hüquqi statusdan məhrum olacaqlar. Doqquz hakimdən beşi qaydanın bəyənilməsinə səs verib.


Yeni qaydaya görə, immiqrasiya xidmətinin əməkdaşları immiqrasiya müraciətlərinə baxarkən bütün amilləri, o cümlədən müraciət edənin yaşını, sağlamlıq durumunu, aktivlərinin olub-olmamasını nəzərə almalıdırlar. Qayda "Medikeyd” dövlət pulsuz tibbi yardım proqramını, yemək talonlarını və mənzil subsidiyalarını immiqrantlar üçün qadağan edilmiş ictimai xidmətlərin siyahısına daxil edir. Qayda hamilə qadınlara, uşaqlara, qaçqınlara, sığınacaq istəyənlərə şamil olunmur.


Gözlənildiyinə görə, bu qayda immiqrantların çoxunun immiqrasiya statusuna təsir göstərəcək. Miqrasiya Siyasəti İnstitutunun ötən il apardığı təhlil göstərib ki, keçən il qrin-kart almaq üçün ərizə ilə müraciət edənlərin 70 faizi dövlət proqramlarının güzəştlərindən istifadə edib.


San-Diyeqodakı Kaliforniya Universitetinin araşdırmalarının ötən ilin avqustunda açıqlanmış nəticələrinə görə, ABŞ-da sənədsiz olan immiqrantlar təxirəsalınmaz tibbi yardım üçün xeyli az müraciət edirlər. Bu isə onların və potensial olaraq onların icma üzvlərinin sağlamlığına təsir göstərə bilər. Məsələn, qeyri-leqallar hətta əgər virusa yoluxsalar belə, xəstəxanaya müraciət etməyə tələsməyəcəklər. Bununla da bu və ya digər icmada xəstəliyin uzun sürməsinə və daha da yayılmasına şərait yaradacaqlar. (AZƏRTAC)

Xəbər lenti