Xəzər Xəbər

Qlobal istiləşməni dayandırmaq lazımdır - BMT-nin Baş katibi

Dünya | 14:40 • 24 Yanvar 2020
Qlobal istiləşməni dayandırmaq lazımdır -

Əgər parnik qazları emissiyalarının ən iri istehsalçıları bu tullantıları azaltmasalar, biz məhv olarıq.


AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu sözləri İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda çıxışında söyləyib.


Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin çoxu və Avropa İttifaqı bu əsrin ortalarına qədər "karbon neytrallığı”na nail olmaq barədə öhdəliklər götürüblər, lakin emissiyaların ən iri istehsalçıları bu qərarın yerinə yetirilməsini ləngidirlər. Baş katib bütün dövlətləri qlobal istiləşməni dayandırmağa yönəldilmiş tədbirlər görməyə çağırıb.


Antonio Quterreş vurğulayıb ki, hökumətlərin sərəncamında dünya iqtisadiyyatını "yaşıllaşdırmaq” üçün zəruri vasitələr var. Belə tədbirlərdən biri, məsələn, qazıntı yanacağı hasilatı üçün subsidiyaların azaldılması ola bilər. Baş katib deyib: "Mən vergi ödəyicisi kimi bununla barışa bilmirəm ki, ödədiyim vergilər qasırğaların güclənməsinə, mərcanların rəngini itirməsinə və buzlaqların əriməsinə sərf edilir”.


Antonio Quterreşin fikrincə, iqlim dəyişmələri müasir dövrün əsas problemidir. O əmindir ki, bu problem planetimiz üçün təhdid mənbəyidir və inkişafa mane olur. Quterreş Davosdakı çıxışında özəl sektor nümayəndələrinə müraciət edərək hər hansı layihənin reallaşdırılması zamanı bunun ekoloji nəticələri barəsində düşünməyə çağırıb. BMT rəhbəri vurğulayıb ki, maliyyə təsisatlarının çoxu investisiya barədə qərar qəbul edərkən bu məqama diqqət yetirməlidirlər.


Şəhərlərin sakinləri, seçicilər, gənclər və digər əhali qrupları iqlim dəyişmələrinə qarşı mübarizədə BMT ilə həmrəydirlər. BMT-nin Baş katibi vurğulayıb: "Ümidvaram ki, biz qida məhsulları istehsalı və iqtyisadiyyatın idarə edilməsi metodlarını, həmçinin nəqliyyat infrastrukturunun idarə edilməsinə və şəhərsalma məsələlərinə yanaşmaları dəyişmək üçün özəl sektorun və hakimiyyət orqanlarının nümayəndələrini səfərbər etməyə nail oacağıq”.

Xəbər lenti