Xəzər Xəbər

Dünya İqtisadi Forumu – iki zidd dünyanın toqquşması

Dünya | 14:29 • 22 Yanvar 2020
Dünya İqtisadi Forumu –

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda əsas mövzular içərisində qlobal iqlim dəyişikliyi ön planda dayanır.


Məhz bu mövzuda kəskin fərqlənən fikir və maraqlar özünü açıq şəkildə göstərib. ABŞ Prezidenti Donald Tramp və isveçli iqlim aktivisti Qreta Tunberqin çıxışlarında iqlim və qlobal istiləşmə məsələsində hər iki cəbhə israrla öz mövqeyində qalıb. ABŞ dövlət başçısı çıxışında qlobal iqlimə görə şişirdilmiş narahatlığa heç bir əsas olmadığını vurğulayıb və bildirib ki, hər şeyin məhvə doğru getməsindən bəhs edən əbədi müjdəçilər və onların apokalipslə bağlı öngörmələri rədd edilməlidir. Hər şeyi qara görənlər bəşəriyyətin necə də uğursuzluğa düçar olduğunu gördüklərini iddia edirlər. O, "keçmişdən qalma" "dünyanın sonunu görən avqurlar" və pessimistlərə qarşı diqqətli olmağa çağırıb.


Qreta Tunberq isə çıxışında yaxın gələcəkdə mavi planeti gözləyən fəlakətlər barədə xəbərdarlıq edərək, siyasi və iqtisadi dairələri təhlükəli fəaliyyətsizlikdə ittiham edib. Onun sözlərinə görə, bu məsələdə artıq hamı - istər sağçılar, istər solçular, istərsə də mərkəzçılər məğlub olub. 17 yaşlı fəal çıxışında qeyd edib ki, bu məğlubiyyət fonunda bizim hamımızın evi hələ də yanmaqdadır. Fəaliyyətsizlik isə bu alovu daha da gücləndirir.


Gənc fəal çıxışında qeyd edib ki, onun təmsilçisi olduğu gənc nəsil yaxın onilliklərdə reallaşacaq yeni texnologiyaların ətraf mühitə verəcəyi xeyri gözləmək niyyətində deyil, bu dəyişikliyin indi baş verməsini tələb edir.


Qeyd edək ki, G7 və G20 zirvə toplantıları, eləcə də iqlim konfransları çərçivəsində qlobal iqlim mövzusunda müşahidə olunan mövqe savaşı Davosdan da yan keçmir. Forumun rəsmi proqramında 69 dəfə iqlim sözünə rast gəlmək mümkün olsa da, bu mövzuda siyasi dividendlərə deyil, konkret fəaliyyətə hesablanan müzakirələrə ehtiyac böyükdür. (AZƏRTAC)

Xəbər lenti