Xəzər Xəbər

Çində pnevmoniyanın naməlum növünə yoluxanların sayı 59-a çatıb

Dünya | 10:15 • 6 Yanvar 2020
Çində pnevmoniyanın naməlum növünə yoluxanların sayı 59-a çatıb

Çində pnevmoniyanın hazırda bilinməyən növünə yoluxan şəxslərin sayı 59-a çatıb.


Xəstəliyə yoluxanlar Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərinin sakinləridirlər. Onlar xəstəxanaların infeksion xəstəliklər şöbəsində ətraf mühitlə təcrid olunmuş vəziyyətdə müalicəyə cəlb olunublar. Xəstələrdən 7 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.


Uxan səhiyyə komissiyasının yaydığı məlumatda deyilir ki, xəstəliyə yoluxanların əsas hissəsi şəhərin dəniz məhsulları bazarında çalışanlardır. Hazırda virusun insandan insana keçməsi faktı təsdiqlənməyib. Mütəxəssislər xəstəlik törədicilərinin müəyyən edilməsi üçün araşdırma aparır. Müayinələr zamanı bu kəskin respiratorlu virusun infeksiya xəstəlikləri, o cümlədən quş qripi, "bənövşəyi ölüm” adlanan SARS virusu, Yaxın Şərq ölkələrində respirator koronovirusu (MERS) olmadığı müəyyən edilib.


Xəstəliyə yoluxanlarla yaxın ünsiyyətdə olmuş 100-dən çox adam müəyyənləşdirilərək, həkim nəzarəti altına alınıb.


Qeyd edək ki, Uxan şəhərində xəstəlik aşkarlandıqdan sonra həm mərkəzi, həm də yerli hökumət yeni virusla mübarizəyə böyük diqqət ayırıb. Xəstələrin müalicə olunduğu tibb müəssisələrinə əlavə həkim qrupları cəlb olunub. Eləcə də şəhərin müalicə mərkəzlərində müvafiq araşdırmalar aparılıb. Virusun yayılma mənbəyi ehtimal edilən dəniz məhsulları bazarında sanitar təmizləmə və dezinfeksiya tədbirləri həyata keçirildikdən sonra onun fəaliyyəti müvəqqəti dayandırılıb. Səhiyyə komissiyası şəhər sakinlərinə tənəffüs qoruyucu maskalar taxmağı, qapalı məkanların hava axınını təmin etməyi tövsiyə edib. (AZƏRTAC)

Xəbər lenti