Xəzər Xəbər

ABŞ Nümayəndələr Palatası kosmik qoşunlar yaradılması haqqında qanun layihəsini qəbul edib

Dünya | 13:58 • 12 Dekabr 2019
ABŞ Nümayəndələr Palatası kosmik qoşunlar yaradılması haqqında qanun layihəsini qəbul edib

ABŞ Nümayəndələr Palatası müdafiə xərcləri haqqında illik qanun layihəsinin qəbul edilməsinə səs verib. Layihəyə əsasən, kosmik qoşunlar yaradılmasına icazə verilir. Qanun layihəsinin bir maddəsində bütün federal qulluqçular üçün ailə vəziyyəti ilə əlaqədar 12 həftə ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur.


Prezident Donald Tramp kosmik qoşunlar yaradılması barədə sərəncamı bu il fevral ayında imzalayıb. Tramp bütün federal qulluqçular üçün ailə vəziyyəti ilə əlaqədar ödənişli məzuniyyət müqabilində silahlı qüvvələrin maliyyələşdirilməsi barədə demokratlarla danışıqlar aparır. Bundan əvvəl respublikaçılar ödənişli məzuniyyətin əleyhinə olduqlarını bildiriblər. Gözlənildiyinə görə, bu məzuniyyət 50 il ərzində hökumətə 3,3 milyard dollara başa gələcək.


Müdafiə büdcəsi haqqında qanun layihəsi böyük səs çoxluğu ilə qəbul edilib (qanunvericilərdən 377-si bu layihənin "lehinə”, 48-i "əleyhinə” səs verib). Qanun layihəsində müdafiə xərcləri üçün 738 milyard dollar, yəni keçənilki ilə müqayisədə 22 milyard dollar çox vəsait ayrılması nəzərdə tutulur. İndi qanun layihəsi Senatın müzakirəsinə verilib. Gözlənildiyinə görə, senatorlar gələn həftənin sonuna qədər büdcəni qəbul edəcəklər.


Qanun layihəsində hərbi qulluqçuların əməkhaqqının 3,1 faiz artırılması, təbii fəlakətlərdən sonra hərbi obyektlərin bərpası üçün 5,3 milyard dollar ayrılması, habelə hərbi qulluqçular üçün fərdi mənzil məsələsində islahatlar aparılması nəzərdə tutulur. (AZƏRTAC)

Xəbər lenti