Xəzər Xəbər

“Yolun sonuna çatdıq” – Ərdoğana şok xəbərdarlıq

Dünya | 17:06 • 11 Dekabr 2019
“Yolun sonuna çatdıq”

"Türkiyə prezidenti ilə görüşdə "S-400”-lərdən imtina etməsə, sanksiyaların tətbiq olunacağını dedim. Amma Ərdoğanın bundan sonrakı açıqlamaları məni məyus etdi”.

Bunu ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin başçısı Cim Riş deyib.

Senator Türkiyəyə şans verildiyini, bu səbəbdən də sanksiya layihəsinin müəyyən vaxta qədər təxirə salındığını bildirib:

"Ərdoğanla Ağ Evdə görüşdən sonra sanksiyaların tətbiqi təxirə salındı. Amma Ərdoğanın Amerikadan qayıdarkən – yolda səsləndirdiyi fikirlər məyusedici idi. Bir ildir "S-400”-lərdən imtina olunmayacağı halda, sanksiyaların tətbiq olunacağından danışıram. Ərdoğanın açıqlamalarından sonra isə "vaxt gəldi” dedim. İnanın ki, bunun nəticələri Türkiyə üçün ağrılı olacaq.

Ağ Evdəki görüşdə Ərdoğana onu düşdüyü bu çuxurdan çıxaracaq planın olduğunu demişdim. Amma Ərdoğan bunun Türkiyə üçün uyğun olmadığını bildirərək imtina etdi. Planın detalları gizlidir, amma onu deyə bilərəm ki, bu, Türkiyənin "S-400”-lərdən imtina edəcəyi, "Patriot” sistemləri ala biləcəyi bir plandır. Amma Ərdoğan bizimlə eyni fikirdə olmadı”.

O, Türkiyənin davranışlarına qarşı uzun müddət səbirli olduqlarını qeyd edib:

"Kifayət qədər səbirli olduq, amma gəlib yolun sonuna çatdıq. Artıq Trampın da səbri tükənir”.

Cim Riş Türkiyənin Rusiyaya bir qədər də yaxınlaşacağı halda, sanksiya layihəsinin tətbiqini sürətləndirəcəklərini vurğulayıb:

"Baş verənlər bizi məyus edir. Türkiyədəki hökumətin baş verənləri yenidən düşünməsini istəyirik. Əks halda, bunun nəticələri ortaya çıxmağa başladıqca, bunlar Türkiyə üçün ağrılı olacaq. Türk hökuməti NATO-nun müttəfiqi olmaq istəyirsə, NATO müttəfiqi kimi davranmalıdır. Davranmasa, bunun ağır nəticələri olacaq”./teleqraf

Xəbər lenti