Xəzər Xəbər

Fransada xilasetmə əməliyyatı zamanı helikopter qəzaya uğrayıb

Dünya | 14:19 • 2 Dekabr 2019
Fransada xilasetmə əməliyyatı zamanı helikopter qəzaya uğrayıb

Fransanın cənub-şərqində yerləşən Var departamentində xilasetmə helikopteri qəzaya uğrayıb. Nəticədə üç nəfər - pilot, mexanik və xilasedici həlak olub.


Xezerxeber.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.


"Dekabrın 1-dən 2-nə keçən gecə xilasetmə əməliyyatı zamanı Var departamentində Mülki müdafiə xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində üç xilasedici həlak olub”, - deyə məlumatda bildirilir.


Helikopter regionda əlverişsiz hava şəraiti zamanı itkin düşən şəxsin axtarışında iştirak etmək üçün Var departamentindəki Le Lük kommunasına uçurdu. İlkin məlumata əsasən, qəza helikopter havaya qalxdıqdan bir neçə dəqiqə sonra baş verib. Onun qalıqları Marsel yaxınlığında aşkarlanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.


Fransanın cənubunda güclü yağış daşqınlara səbəb olub. Xilasedicilər də daxil olmaqla, regionda ümumilikdə beş nəfər həyatını itirib.


Xəbər lenti