Xəzər Xəbər

Dünyanın gözü Madriddə olacaq: Dekabrın 2-də...

Dünya | 17:17 • 1 Dekabr 2019
Dünyanın gözü Madriddə olacaq:

Planetimiz isinməkdə davam edir. Artıq Yer kürəsi sənaye inqilabının başlanması vaxtı ilə müqayisədə 1,1 dərəcə daha istidir. Bugünkü tendensiyanın davam edəcəyi təqdirdə əsrin sonunadək orta temperatur daha 3,4-3,9 dərəcə arta bilər ki, bu da fəlakətlə nəticələnəcək. Artıq bunun əlamətləri görünür: Arktika və Antarktikada buzlar əriyir, meşə yanğınlarının, quraqlığın, fırtınaların və daşqınların sayı çoxalıb. Bəşəriyyətin fəlakətə doğru hərəkətinin qarşısını necə almaq olar? Bu məsələ dekabrın 2-də Madriddə başlayacaq və iki həftə davam edəcək iqlim üzrə konfransda müzakirə olunacaq.

XəzərXəbər Azərtac-a istinadən xəbər verir ki, tədbirdə iqlim dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının iştirakçı dövlətlərinin liderləri, habelə minlərlə ekspert, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri iştirak edəcəklər.

Konvensiya tərəfdaşlarının 25-ci sessiyası Çilinin paytaxtı Santyaqoda keçirilməli idi. Tədbirin başlamasına bir ay qalmış onun yeri Madriddə dəyişdirilib. Çilidə etiraz aksiyalarının keçirilməsi ilə bağlı bu ölkənin hakimiyyəti iqlim forumunun təşkilini təmin edə bilməyəcəyini bəyan edib. Tədbirə Madrid ev sahibliyi etsə də, onun sədrliyi Çilidə qalacaq.

Konfrans iştirakçıları ətraf mühitin çirklənməsinin mümkün olduqca tez bir vaxtda azaldılması və iqlimin isinməsinin gecikdirilməsi üzrə tədbirləri müzakirə edəcəklər. Paris Sazişini imzalayan dövlətlər yüzilliyin sonunadək temperaturun artmasını 1,5-2 dərəcə Selsi arasında saxlamağı, 2030-ci ilədək parnik qazlarının emissiyasını 45 faiz azaltmağı, 205-ci ildə isə tullantıları sıfır səviyyəsinə endirməyi vəd ediblər.

İqlim dəyişiklikləri üzrə BMT-nin Çərçivə Konvensiyasının icraçı direktoru Patrisiya Espinosa deyib: "Bu il iqlim dəyişməsinin fəsadlarının, o cümlədən quraqlığın, tufanların və isti dalğalarının artdığını görürük. Bütün bunlar yoxsulluğun azaldılması üzrə səylərə, insanların sağlamlığına mənfi təsir edir, miqrasiyaya və bərabərsizliyin dərinləşməsinə gətirib çıxarır”. O vurğulayıb ki, artıq bu gün iqlim dəyişikliyinin qarşısını almaq üçün çox az imkanlar qalıb, lakin onlar da sürətlə yox olur. "Biz təcili olaraq çoxtərəfli əməkdaşlığın bütün imkanlarından istifadə etməliyik, Çərçivə Konvensiyasının iştirakçı tərəflərinin 25-ci sessiyasını iqlim dəyişiklikləri ilə bağlı mübarizə sahəsində daha iddialı platformaya çevirməklə dünyanı karbon qazının səviyyəsinin az olduğu və dayanıqlı inkişaf yoluna çıxarmalıyıq”, - deyə Espinosa vurğulayıb.

Xəbər lenti