Xəzər Xəbər

Belarusda parlament seçkiləri üzrə erkən səsvermə keçirilir

Dünya | 12:07 • 12 Noyabr 2019
Belarusda parlament seçkiləri üzrə erkən səsvermə keçirilir

Belarus Milli Məclisinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilər üzrə erkən səsvermə keçirilir. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Belarusun Mərkəzi Seçki Komissiyası səsvermənin noyabrın 12-dən 16-dək, 5,6 min seçki məntəqəsində keçiriləcəyini bildirib.


Komissiyanın məlumatına görə, Nümayəndələr Palatasına seçkilər üzrə ümumilikdə 5831 seçki məntəqəsi yaradılıb, onlardan 238-i sanatoriya, istirahət evləri, stasionar tibbi xidmət göstərən xəstəxanalarda yerləşir. Ölkə qanunvericiliyinə müvafiq olaraq, erkən seçkilərdə seçki günü öz daimi yaşayış yerində olmayacaq vətəndaşları iştirak edə bilərlər. Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib ki, bu metod parlament seçkilərində vətəndaşların maksimum fəallığına nail olmaq üçün tətbiq edilir.


Nümayəndələr Palatasına seçkilər noyabrın 17-də keçiriləcək. Parlamentin aşağı palatasında olan 110 yerə 520 namizəd qeydə alınıb. Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkənin hüdudlarından kənarda isə 3,6 min seçici var. Seçkilərdə min nəfər beynəlxalq müşahidəçi iştirak edəcək. Ən böyük müşahidəçi qrupu MDB və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edir. Seçkilərin gedişini, həmçinin 28 min yerli müşahidəçi izləyəcək.

Xəbər lenti