Xəzər Xəbər

Yaponiyada “Hagibis” tufanı nəticəsində ölənlərin sayı 67-yə çatıb

Dünya | 10:21 • 15 Oktyabr 2019
Yaponiyada “Hagibis” tufanı nəticəsində ölənlərin sayı 67-yə çatıb

Yaponiyada "Hagibis” tufanı nəticəsində itkin düşənlərin axtarışı davam etdirilir.


AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində 67 nəfər ölüb, daha 13 nəfərin itkin düşdüyü bildirilir.


Son 60 ilin ən güclü tufanı nəticəsində Yaponiyanın mərkəzi hissəsində 200-dək çayın məcrasından çıxdığı qeyd edilir. Həmin çaylardan 50-də bəndlərin aşdığı, 10 mindən çox evə zərər dəydiyi bildirilir.


Yaponiyanın şimal-şərqində yerləşən Fukuşima prefekturasına daha çox zərər dəyib. Burada 25 nəfərin öldüyü qeyd edilir. Ölənlər arasında azyaşlı oğlan uşağı və anası da var. Ailənin ikinci oğlu isə itkin düşüb.


Meteoroloqların bildirdiyinə görə, bir çox rayonlara iki gün ərzində illik normanın 40 faizi miqdarında yağıntı düşüb.


Oktyabrın 15-də ənənəvi mətbuat konfransında çıxış edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa təbii fəlakətin zərər vurduğu rayonlarda infrastrukturun bərpasının və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Hazırda həmin ərazilərdə 11 min xilasedicinin çalışdığı qeyd edilib.


Fəlakət zonasındakı 34 min evin hələ də elektrik enerjisiz, 130 min evin isə susuz qaldığı bildirilir. Həmin ərazidə 230 məktəb, onlarla supermarket bağlıdır, 120 bankomat sıradan çıxıb. Bir sıra dəmir yolu xətləri hələ də su altında qaldığına görə qatarlar işləmir.


Güclü yağışlar bütün ölkə ərazisində 140 torpaq sürüşməsi əmələ gətirib. Qunma prefekturasında 4 nəfər məhz torpaq sürüşməsi zamanı evlərinin aşması nəticəsində həlak olub.


Təbii fəlakətin keçdiyi ərazilərdə dəyən zərərin tam məbləği hazırda dəqiqləşdirilir. Bu ərazilərdəki sənaye müəssisələrinə də ciddi ziyan dəyib. Naqanodakı alma bağları suyun altında qalıb.


Yerli hakimiyyət orqanları insanları ehtiyatlı olmağa, çaylardan uzaq dayanmağa və torpaq sürüşmələrindən qorunmağa çağırıb.

Xəbər lenti