Xəzər Xəbər

Özbəkistanın Türk Şurasına üzvlüyü Ankarada təntənə ilə qeyd olunub - FOTO

Dünya | 15:06 • 13 Oktyabr 2019
Özbəkistanın Türk Şurasına üzvlüyü Ankarada təntənə ilə qeyd olunub -

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) yaranmasının 10-cu ildönümü və Özbəkistanın Türk Şurasına üzvlüyü münasibətilə Ankarada təntənəli mərasim keçirilib.


Özbəkistanın Türkiyədəki səfirliyi, Türk Ocaqları Mərkəzi və Türkiyə-Özbəkistan Dostluq Dərnəyi tərəfindən təşkil olunan mərasimdə rəsmi şəxslər, diplomatlar, şəhər ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər.


Əvvəlcə Türkiyə və Özbəkistanın dövlət himnləri səsləndirilib.


Açılışda çıxış edən Özbəkistanın Türkiyədəki səfiri Əlişir Agzamhocayev, Türk Ocaqları Mərkəzinin sədr müavini Aişə Filiz Yavuz və Türkiyə-Özbəkistan Dostluq Dərnəyinin sədri Orxan Kavuncu, eləcə də panellərdə danışan alimlər Türk Şurasının təsis olunması, keçdiyi inkişaf yolu, sıralarının genişlənməsinin tarixi əhəmiyyətindən bəhs ediblər.


Diqqətə çatdırılıb ki, Türk Şurasının təsis edilməsi ilə bağlı 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişinin əsas məqsədi türkdilli dövlətlərin bir araya gəlməsi, bütövlükdə türkdilli dövlətlər arasında inteqrasiyanın sürətləndirilməsi olub. Əminliklə qeyd olunub ki, bu il oktyabrın 14-15-də Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü daha böyük hədəflərə çatmaq üçün mühüm qərarlar qəbul edəcək.


Cari il sentyabrın 4-də Naxçıvan Sazişinin Özbəkistan tərəfindən ratifikasiyasının tamamlanması türkdilli dövlətlərin əlaqələrinin möhkəmlənməsi baxımından mühüm tarixi hadisə kimi qiymətləndirilib.


Mərasim Özbəkistan musiqiçilərinin ifasında konsert proqramı ilə davam edib. (AZƏRTAC)

Xəbər lenti