Xəzər Xəbər

Polşa yeni hökumətini seçir

Dünya | 14:52 • 13 Oktyabr 2019
Polşa yeni hökumətini seçir

Oktyabrın 13-də Polşa xalqı növbəti 4 il üçün yeni parlamentini seçir.


İndiyədək keçirilən sorğular və mütəxəssislərin ehtimalı hakim partiya olan Mühafizəkar Hüquq və Ədalət Partiyasının (PiS) yenidən qələbə qazanacağını proqnozlaşdırır. Partiyanın əsas siyasi xətti ölkədə sosial mühafizəkarlığın, adət-ənənələrin qorunması, gəlirlərin ölkənin rifahı üçün xərclənməsidir.


Son illərdə PiS daxildə və xaricdə qanunun aliliyinə xələl gətirdiyinə, o cümlədən məhkəmə hakimiyyətini siyasiləşdirdiyinə görə tənqid olunur. Lakin Brüsseldən və insan haqları müşahidəçilərindən gələn tənqidlər partiyanın xalq arasındakı nüfuzuna xələl gətirməyib. Xalqın 43 faizi məhz onlara səs verəcəyini açıqlayıb. Bu nəticə onlara parlamentdə 231 mandat təmin edəcək ki, bu da mütləq əksəriyyət deməkdir.


Mövcud hökumətə qarşı çıxan ən böyük müxalifət partiyası isə "Vətəndaş Platforması”dır. Partiya üzvləri Varşavada keçirdikləri qurultayda vətəndaşların rifah halını yaxşılaşdıracaqlarını vəd ediblər.


Polşada müxalifət qüvvələrin vəziyyəti son günlərdə çıxan siyasi qalmaqaldan sonra bir qədər pisləşib. Belə ki, "Vətəndaş Platforması”nın lideri Slavomir Noymanın partiyanın digər üzvləri ilə söhbətinin audioyazısı mətbuata sızıb. Audioyazıda Noyman həmfikirlərinə zəmanət verir ki, partiyası qalib gələcəyi təqdirdə qanun qarşısında hər hansı problem yaranacağı halda öz üzvlərini qoruyacaq və onların məhkəmələrə düşməsinə imkan verməyəcək.


Səsyazmanın aşkara çıxmasından sonra Slavomir Noyman təcili istefa verməli olub.


Əgər seçkinin nəticələri gözləntiləri doğrultsa, müxalifət liderləri parlamentdə sağlam qarşıdurma üçün koalisiya qurmalı olacaqlar. Lakin belə görünür ki,bu, asan olmayacaq. Xüsusilə Aqrar Kəndlilərin Partiyası və onların sistem əleyhinə müttəfiqləri parlamentə daxil olmaq üçün kifayət qədər səs qazansa, müxalifət koalisiyasının yaradılması çətinləşə bilər. Belə bir koalisiya sosial və iqtisadi liberallardan iqtisadi solçular da daxil olmaqla sosial mühafizəkarlara qədər uzanmalıdır.


Qeyd edək ki, solçuların da 4 ildən sonra yenidən parlamentə qayıdacağı gözlənilir. (AZƏRTAC)

Xəbər lenti