Xəzər Xəbər

"Cəhənnəmdən gəlmə" sanksiyalar Konqresdə: Ərdoğan, köməkçisi və nazirlər... - 90 gün VAXT VERİLDİ

Dünya | 10:16 • 10 Oktyabr 2019
"Cəhənnəmdən gəlmə" sanksiyalar Konqresdə:

ABŞ Senatı ötən gün Suriya sərhədindəki YPG/PKK terror təşkilatına qarşı başladılan "Sülh Çeşməsi” (Barış Pınarı) hərəkarı ilə əlaqədar Türkiyəyə qarşı sanksiyalar paketi hazırlayıb.

"Anadolu” agentliyi xəbər verir ki, respublikaçı senator Lindsi Qrehem və demokrat senator Kris Van Hollen tərəfindən hazırlanan sanksiyalar paketində Türkiyəni hədəf alan ağır maddələr yer alıb.

Paketin layihəsini tvitterdəki hesabından paylaşan Qrehem Konqresdəki iki tərəfin partiyanın sanksiya mövzusunda razılaşdıqlarını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan, həmçinin vitse-prezident Fuat Oktay və bəzi nazirlərın adları layihəyə daxil edilib. Bundan başqa, Suriyadakı əməliyyatların 90 gün ərzində dayandırılmayacağı halda, hərbi və ticarət sektorlarına ağır sanksiyaların tətbiqi, Türkiyə Silahlı Qüvvələrinə təyyarə, avtomobil və onlara aid bütün ehtiyat hissələrinin satışının və hərbi kəşfiyyat məlumatlarının paylaşmasının dayandırılması yer alıb.

Həmçinin, enerji və neft satışı mövzusunda Türkiyəyə və Türkiyə ilə əməkdaşlıq edən xarici ölkə və təşkilatlara sanksiyaların tətbiqi təklif edir. Senatorlar Rusiyadan S-400 zenit-raket sistemlərinin alınması ilə əlaqədar da sanksiyaların tətbiq olunmasını istəyiblər.

Sanksiyalar paketi Senatda qəbul olunarsa, prezident Donald Trampın masasına gəlmədən əvvəl Nümayəndələr Palatası tərəfindən də qəbul edilməlidir. Ancaq Trampın belə bir qanun layihəsinə veto qoymaq səlahiyyəti var. Lakin Konqresin hər iki palatasında üçdə iki səs çoxluğu ilə qəbul edilərsə, Trampın veto səlahiyyətini keçərək qüvvəyə minir.

Qeyd edək ki, Qrehemin əməliyyata qarşı son günlərdəki paylaşımları Türkiyənin reaksiyasını çəkib. O, Türkiyənin Suriyanın şimalına əməliyyat təşkil edəcəyi halda, "cəhənnəmdən gəlmə” sanksiyalarla üz-üzə qalacağını bildirib.

"Türkiyə Suriyaya daxil olarsa, Konqresin "cəhənnəmdən gəlmə” sanksiyaları işə düşəcək. Əhatəli, dərin və dağıdıcı sanksiyalardır”, - deyə senator bildirib.

Bundan öncə də Qrehem Türkiyəni sanksiyalarla, NATO-dan çıxarılacağı ilə hədələmişdi./publika.az

Xəbər lenti