Xəzər Xəbər

Mixeil Saakaşvilinin Ukraynadan çıxarılması ilə əlaqədar cinayət işi başlanıb

Dünya | 14:35 • 7 Oktyabr 2019
Mixeil Saakaşvilinin Ukraynadan çıxarılması ilə əlaqədar cinayət işi başlanıb

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin 2018-ci ilin fevralında zor tətbiq edilməklə Ukraynadan çıxarılması ilə bağlı Ukrayna Hərbi Prokurorluğunda cinayət işi başlanıb.


Bu barədə Hərbi Prokurorluğun mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, M.Saakaşvili Hərbi Prokurorluğa ərizə yazaraq 2018-ci ilin fevralında güc tətbiq olunaraq oğurlandığını və qanunsuz şəkildə Ukraynadan Polşaya göndərildiyini iddia edib. M.Saakaşvili bildirib ki, Ukraynanın beşinci Prezidenti Petro Poroşenkonun şəxsi mühafizə xidmətinin əməkdaşları və Ali Radanın keçmiş deputatı İqor Kononenko bu cinayətdə iştirak ediblər.


Qeyd edək ki, 2015-ci ildə M.Saakaşviliyə Ukrayna vətəndaşlığı verilib və o, Odessa Vilayət Administrasiyasının rəhbəri təyin olunub. Ukraynanın sabiq Prezidenti Petro Poroşenko 2017-ci il iyulun 26-da M.Saakaşvilinin Ukrayna vətəndaşlığının ləğv edilməsinə dair sərəncam imzalayıb. Ötən il fevralın 12-də M.Saakaşvili siyasi fəaliyyətinə görə güc tətbiq edilməklə Ukraynadan Polşaya göndərilib və 2021-ci ilə qədər ölkəyə girişinə qadağa qoyulub. Sonradan məhkəmə M.Saakaşvilinin Ukraynaya girişi üçün tətbiq edilən qadağanı aradan götürüb və o, bu il mayın 29-da ölkəyə qayıdıb. (AZƏRTAC)

Xəbər lenti