Xəzər Xəbər

Avstriyada parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb

Dünya | 10:21 • 5 Oktyabr 2019
Avstriyada parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb

Avstriyada keçirilmiş parlament seçkilərinin rəsmi nəticələri oktyabrın 4-də elan olunub.


Avstriya Federal Daxili İşlər Nazirliyi nəzdində Seçki Komissiyasının məlumatına əsasən, mühafizəkar Avstriya Xalq Partiyası (ÖVP) 37,5 faizlər seçkilərdə qalib gəlib. Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) tarixində ən zəif göstərici (21,2 faiz) ilə ikinci yerdə qərarlaşıb. "İbiza qalmaqalı” sayəsində böhran yaşayan Avstriya Azadlıq Partiyası (FPÖ) 16,2 faizlə kifayətlənməli olub. Ötən seçkilərdə dörd faizlik baryeri keçə bilməyərək parlamentdən kənarda qalan "Yaşıllar” isə bu dəfə öz seçicilərinin yüksək etimadını qazanaraq, partiya tarixində ən yüksək nəticə ilə (13,9 faiz) parlamentdə yenidən təmsil olunmaq haqqı qazanıb. Parlamentə keçən sonuncu partiya isə Yeni Avstriya və Liberal Forum (NEOS) olub: 8,1 faiz.


Seçkilərdə səsvermə hüququna malik əhalinin 75,59 faizi iştirak edib və bu göstərici İkinci Respublika dövründə ikinci ən aşağı seçki fəallığı hesab olunur.


Parlament seçkilərinin rəsmi nəticələri artıq məlumdur və sıra Avstriyanın dövlət başçısı Aleksander Van der Bellendədir. O, bazar ertəsi seçkilərdə qalib gələn Avstriya Xalq Partiyasının (ÖVP) sədri Sebastian Kurtsu qəbul etməli və ona yeni hökuməti təşkil etmək üçün mandat verməlidir.

Xəbər lenti