Xəzər Xəbər

Kaliforniya sakini H-1B iş vizaları ilə bağlı dələduzluqda təqsirli bilinib

Dünya | 13:52 • 9 Avqust 2019
Kaliforniya sakini H-1B iş vizaları ilə bağlı dələduzluqda təqsirli bilinib

Kaliforniya sakini Abxicit Prasad iş vizaları ilə bağlı dələduzluqda ittihamın 21 bəndinə və ağırlaşdırıcı şəraitdə şəxsi məlumatların oğurlanmasında ittihamın 2 bəndi üzrə təqsirli bilinib.


AZƏRTAC ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, Abxicit Prasad barəsində bu ittihamlar hələ 2016-cı ildə Sakramento şəhərində təqdim edilib. İttiham aktına görə, təqsirləndirilən şəxs bir neçə il bundan əvvəl qeyri-immiqrasiya H-1B iş vizaları almaq üçün 19 petisiya təqdim edib. Bu sənədlərdə Kaliforniyada guya "Cisco Systems” şirkəti tərəfindən yerinə yetiriləcək layihələr barədə yalan məlumatlar olub.


Məhkəmədə sübut edilib ki, şirkət administrasiyası viza barədə petisiyaların benefisiarları olan əcnəbi işçilərin faktiki olaraq həmin şirkətdə mövcud layihə üzərində işləyəcəklərini bilməyib. Bundan əlavə, aşkar edilib ki, cavabdeh şəxs benefisiarların "Cisco Systems” şirkətində işləyəcəyi barədə sözlərini təsdiqləmək məqsədilə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə bilərəkdən saxta sənədlər təqdim edib.


Müstəntiqlər müəyyən ediblər ki, təqsirləndirilən şəxs müvafiq sənədlərin və immiqrasiya xidmətinə ərizələrin tərtib edilməsi üçün "Cisco Systems” şirkətinin əməkdaşının rəqəmsal imzasından istifadə edib. Abxicit Prasad barəsində iş üzrə hökm oktyabr ayında çıxarılacaq. O, vizalarla bağlı dələduzluğa görə 10 il həbs cəzasına və 250.000 dollar cərimə ödəməyə məhkum oluna bilər.


Bundan əlavə, ağırlaşdırıcı şəraitdə şəxsi məlumatların oğurlanmasına görə onu daha iki il həbs cəzası və 250.000 dollar cərimə gözləyir.

Xəbər lenti