Xəzər Xəbər

Yaponiyada yuxarı palataya seçkilərdə hakim koalisiya üçdəiki üstünlüyü təmin edə bilməyib

Dünya | 13:57 • 22 İyul 2019
Yaponiyada yuxarı palataya seçkilərdə hakim koalisiya üçdəiki üstünlüyü təmin edə bilməyib

Yaponiyada iyulun 21-də keçirilimiş seçkilərdə hakim koalisiya parlamentin yuxarı palatasına nəzarəti saxlasa da, həlledici faiz həddini təmin etmək üçün səs üstünlüyü qazana bilməyib.


Konstitusiyaya dəyişiklik etmək istəyən koalisiya və qanunvericilər yuxarı palatada üçdəiki üstünlüyə malik olmayacaqlar.


Baş Nazir Şinzo Abenin rəhbərlik etdiyi Liberal Demokratik Partiya və onun koalisiya tərəfdaşı olan Komey Partiyası yuxarı palatada ümumilikdə 141 yerə yiyələnib. Beləliklə, hakim koalisiya parlamentdə seçkilərə qədər olan üstünlüyü təmin edə bilməyib.


Bununla yanaşı, müxalifət düşərgəsi əvvəlcədən olan yerlərlə birlikdə 104 yerə sahib olub.


Xatırladaq ki, iyulun 21-də keçirilən seçkilərdə yuxarı palatadakı yerlərin yarısı uğrunda mübarizə gedib.


Haim koalisiya, Yaponiyanın Dirçəlişi Partiyası və Konstitusiyada dəyişiklikləri dəstəkləyən digər qanunvericilər ümumilikdə 160 yer qazanıblar.


Bu, Konstitusiyada dəyişikliklərin milli referenduma çıxarılmasını təmin etmək üçün hər iki palatada lazım olacaq səslərdən 4 yer azdır.


Seçkilər ərəfəsində təşkil edilən kampaniya zamanı namizədlər istehlak vergisinin artırılması, Konstitusiyada və ölkənin pensiya sstemində dəyişikliklərlə bağlı məsələləri müzakirə ediblər.


Seçkilərin nəticələrinə görə, hakim Liberal Demokratik Partiya 113 yer, onun koalisiya tərəfdaşı olan Komey Partiyası isə 28 yer qazanıb.


Müxalifətə gəlincə isə, Konstitusiyalı Demokratlar Partiyası 32, Xalq Üçün Demokratiya Partiyası 21, Kommunist Partiyası 13, Yaponiyanın Dirçəlişi Partiyası 16, Sosial Demokratik Partiya 2, "Reyva Şinsenqumi” Partiyası isə 2 yer qazanıb.


Digər partiyalar ümumilikdə 18 yer qazanıb. (AZƏRTAC)

Xəbər lenti