Xəzər Xəbər

Baş katib: “NATO üçün Türkiyə S-400-dən daha əhəmiyyətlidir”

Dünya | 10:46 • 18 İyul 2019
Baş katib: “NATO üçün Türkiyə S-400-dən daha əhəmiyyətlidir”

"S-400-ün əhəmiyyətini azaltmaq istəmirəm, amma NATO üçün Türkiyə S-400-dən daha əhəmiyyətlidir”.


APA-nın Türkiyənin "Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq deyib.


NATO baş katibinin sözlərinə görə, onlar Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini almasını yaxından izləyirlər: "Hansı cür müdafiə sistemi almaq, hər bir ölkənin daxili işidir. Lakin NATO üçün vacib olan odur ki, bu sistemlər bizim sistemlərə uyğun fəaliyyət göstərir, ya yox”.


Y. Stoltenberq Türkiyənin aldığı S-400-lərin NATO-nun hava müdafiə sisteminə inteqrasiya edilməyəcəyini də bəyan edib: "Çünki bunlar birlikdə çalışa bilməz. Həm də Türkiyənin bu məsələdə hər hansı bir tələbi yoxdur”.


NATO baş katibi qeyd edib ki, NATO-Türkiyə münasibətləri F-35 qırıcılarından daha əhatəlidir.


Qeyd edək ki, Rusiyadan alınan S-400 zenit raket kompleksinin Türkiyəyə təhvil verilməsinə başlanılıb. Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması ABŞ-ın ciddi narazılığına səbəb olub.



Bundan başqa, Ağ Evin mətbuat katibi Stefani Qrişem bildirib ki, Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması Ankaraya yeni ABŞ hərbi təyyarələri olan F-35-lərin çatdırılması ilə uyğun gəlmir.

Xəbər lenti