Xəzər Xəbər

Karasin: “Gürcüstanla münasibətlərin normallaşmasını istəyirik”

Dünya | 10:20 • 18 İyul 2019
Karasin: “Gürcüstanla münasibətlərin normallaşmasını istəyirik”

"Rusiya Gürcüstanla münasibətlərin normallaşmasını istəyir və bunu ali səviyyədə müzakirə etməyə hazırdır”.


Bunu Rusiya Xarici İşlər Nazirinin müavini Qriqori Karasin "İzvestiya” qəzetinə müsahibəsində deyib.


O bildirib ki, rəsmi Moskva viza rejiminin ləğv edilməsi təklifini geri çevirmir: "Düşünürəm ki, rəsmi Tbilisinin Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində real addım atması viza rejiminin ləğvi məsələsini ikitərəfli əlaqələrin gündəliyinə gətirə bilər. Rusiya ali səviyyəli müzakirələr də daxil olmaqla, hər cür danışıqlara hazırdır. Son hadisələr bunu bir daha göstərdi. Təəssüf ki, Gürcüstan tərəfində belə bir hazırlıq yoxdur”.


Nazir müavini qeyd edib ki, Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların dayandırılması müvəqqəti xarakter daşıyır: "Gürcüstanda vəziyyət stabilləşdikdən, antirusiya əhval ruhiyyəsi və Rusiya vətəndaşlarına qarşı təhlükə aradan qalxdıqdan sonra, uçuşlar bərpa edilə bilər”.


Bununla belə, Q. Karasin Gürcüstan rəsmilərinin əlaqələrin bərpası üçün irəli sürdükləri ön şərtləri qəbuledilməz adlandırıb.


Qeyd edək ki, Rusiya Dövlət Duması Gürcüstana iqtisadi sanksiyaların tətbiq olunması təklifi ilə çıxış edib.


Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyaları nəticəsində parlamentin sədri İrakli Kobaxidze istefa verib.


Rusiya prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb.


Rusiyanın dövlət başçısı, həmçinin hökumətə Gürcüstanda olan ölkə vətəndaşlarının geri qaytarılmasının təmin olunması tapşırığını verib.


Bundan başqa, prezident turoperatorlara uçuşlara qadağa olunan vaxt Rusiyadan Gürcüstana səyahət turları satmamağı məsləhət görüb. (APA)

Xəbər lenti