Xəzər Xəbər

Trampın qalmaqallı açıqlaması demokratları hərəkətə keçirdi: səsə qoyulacaq

Dünya | 11:17 • 17 İyul 2019
Trampın qalmaqallı açıqlaması demokratları hərəkətə keçirdi:

ABŞ prezidenti Donald Tramp Twitter səhifəsində irqçi olmadığını bildirərək, Konqresin Nümayəndələr Palatasında dörd qadın qanunverici haqda açıqlamlarına görə kəskin tənqidləri rədd edərək, öz mövqeyindən geri çəkilmir.


APA "amerikanınsesi”nə istinadən xəbər verir ki, Trampın sosial mediada Konqresdə ağ irqə mənsub olmayan dörd qanunverici qadın – İlhan Ömər, Aleksandriya Okazio-Kortes, Ayan Pressli və Rəşidə Tleyb haqda söylədikləri irqçi və ksenofobiya məzmunlu kimi qəbul edilir.


Tramp çərşənbə axşamı günü tvitter səhifəsində açıqlamlarının irqçi məzmun daşımadığını deyərək, sözügedən qadınların "ölkəyə nifrət etdiyini” bildirib.


Demokratların nəzarətində olan Nümayəndələr Palatasında çərşənbə axşamı günü prezidentin dörd qadın qanunvericini hədəf alan irqçi açıqlamalarını qınayan qətnamənin səsə qoyulması planlaşdırılır.


Nümayəndələr Palatasında böyük nüfuza malik olan Steni Hoyer səsvermə keçiriləcəyini elan edib və deyib ki, o, respublikaçıların "ölkəni partiyadan irəli qoyacağına” və demokratlarla bərabər qətnaməyə səs verəcəyinə ümid bəsləyir.


Qətnamə Nümayəndələr Palatasında azlıqda olan respublikaçılar tərəfindən pislənib.


Xatırladaq ki, Tramp bazar günündən başlayaraq, Twitter səhifəsində Nümayəndələr Palatasının dörd qadın üzvünü hədəf alan mesajlar paylaşıb.


Trampın Konqresin qadın üzvlərini hədəf alan tvitləri geniş reaksiyalar doğurub


O, proqressiv demokrat qadın qanunvericilərin Birləşmiş Ştatları tərk etməli olduğunu deyib. Müxbirlər ona "onların haraya getməli olduğu” haqda sual verib.


"Bu onların işidir. Haraya istəyirlər oraya, ya da onlar qala bilərlər. Lakin onlar bu ölkəni sevməlidirlər. Onlar bu ölkəyə nifrət etməməlidirlər”, Tramp kabinet üzvləri ilə görüş zamanı bildirib.


Tramp əlində saxladığı kağızı göstərərək, deyib ki, "qadın Konqres üzvləri tərəfindən deyilənlər o qədər pisdir ki, o bunları oxumaq belə istəmir”.


"Bu, mənim fikrimdir, onlar bizim ölkəyə nifrət edir” – deyə, prezident əlavə edib.

Xəbər lenti